Cənubi Qafqaz regionu bu gün yalnız lokal münaqişələrin həlli mərhələsini yaşamır, həm də qlobal güclərin strateji maraqlarının toqquşduğu yeni bir geosiyasi transformasiya dövrünə qədəm qoyur.
Bu transformasiyanın ən bariz təzahürlərindən biri Ermənistanın xarici siyasət kursunda coğrafi və institusional diversifikasiyaya can atması, xüsusilə Avropa İttifaqı (Aİ) ilə münasibətlərini təhlükəsizlik və müdafiə müstəvisinə daşımasıdır.
İrəvanın Avropadan aldığı iqtisadi və infrastruktur dəstəyi, eləcə də regionda yerləşdirilən EUMA (Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası) kimi mexanizmlər ilk baxışdan Ermənistanın dayanıqlı inkişafına və qonşuları ilə münasibətlərinin normallaşmasına xidmət edən amillər kimi təqdim oluna bilər.
Lakin proseslərin arxasında dayanan geosiyasi reallıqlar tamamilə fərqli bir mənzərəni ortaya qoyur. Bu yaxınlaşma və EUMA-nın fəaliyyəti regionda mövcud olan ənənəvi təhlükəsizlik arxitekturasını və güc balansını dəyişdirməyə yönəlmiş institusional vasitələrdir.
Brüsselin Ermənistana birtərəfli siyasi və informasiya dəstəyi verməsi, Qərblə Rusiya arasında artan geosiyasi rəqabətin Cənubi Qafqaza layihələndirilməsi regionda etimad mühitini gücləndirmək əvəzinə, sabitliyə mənfi təsir göstərən əlavə bir disbalans yaradır.
Azərbaycan və bütövlükdə region üçün prinsipial sual da məhz budur: Avropa İttifaqının bu artan iştirakı Cənubi Qafqazda hərtərəfli regional əməkdaşlığa və uzunmüddətli sülhəmi töhfə verəcək, yoxsa kənar güclərin rəqabəti fonunda yeni gərginlik ocaqlarının formalaşmasına şərait yaradacaq?
Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Yeganə Hacıyeva Herbiand.az-a açıqlamasında bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasını yalnız iqtisadi dəstək və Avropaya inteqrasiya kontekstində deyil, həm də Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi baxımından dəyərləndirmək lazımdır: “Avropanın maliyyə yardımı, infrastrukturun inkişafı və təhlükəsizlik sahəsində əməkdaşlıq Ermənistan üçün alternativ xarici siyasi və strateji dəstək sisteminin formalaşmasına şərait yaradır.
Bu, şübhəsiz ki, İrəvanın imkanlarını genişləndirir, eyni zamanda Avropa İttifaqının regionda mövcudluğunu və əvvəlki geosiyasi konfiqurasiyanın dəyişdirilməsinə marağını gücləndirir. Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələ bu prosesin Ermənistan üçün birtərəfli siyasi və müdafiə təminatlarının formalaşdırması və sülh prosesində əlavə disbalans yaratmasıdır.
Düşünmək olardı ki, bu yaxınlaşma iqtisadi baxımdan dayanıqlı, kommunikasiyaların açılmasında və qonşularla münasibətlərin normallaşmasında maraqlı olan Ermənistanla uzunmüddətli sülhün təminatına töhfə verə bilər.
Lakin bu yaxınlaşmanın Aİ üçün vahid regional əməkdaşlıq məkanının formalaşmasına, yoxsa xarici güclər arasında rəqabət şəraitində Ermənistanın geosiyasi mövqelərinin möhkəmləndirilməsinə xidmət edəcəyi haqqda əminlik yoxdur.
Mənim fikrimcə, Ermənistanın Avropa ilə yaxınlaşmasının Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün uzunmüddətli nəticələri məhz bu meyar əsasında qiymətləndirilməlidir”.
Politoloq hesab edir ki, EUMA-nın fəaliyyətini Avropa İttifaqının Rusiya ilə Cənubi Qafqazda artan geosiyasi rəqabəti kontekstində də nəzərdən keçirmək lazımdır: “Ermənistanın təhlükəsizlik və xarici siyasət sahəsində Qərblə əməkdaşlığının genişlənməsi regionda Rusiyanın ənənəvi təsir imkanlarının azalmasına, Avropa İttifaqının isə yeni siyasi və institusional mövqelər qazanmasına şərait yaradır.
Bu baxımdan, EUMA-nın mövcudluğu təkcə müşahidə mexanizmi deyil, həm də Avropa İttifaqının regionda uzunmüddətli iştirakını təmin edən institusional vasitələrdən biri kimi baxmaq vacibdir. Mən hesab edirəm ki, əsas məsələ Avropa İttifaqının regionda iştirakının özü deyil, bu iştirakın hansı siyasi prinsiplərə və maraqlara xidmət etməsidir. Missiyanın fəaliyyəti qarşılıqlı etimadın yaradılmasına, sərhəd təhlükəsizliyinə və iki ölkə arasında münasibətlərin normallaşmasına real töhfə verməməsi kimi faktlar regional sabitlik baxımından mənfi amildir.
Çünki missiyanın fəaliyyəti birtərəfli informasiya və siyasi qiymətləndirmələrin formalaşmasına, Ermənistanın geosiyasi mövqelərinin xarici dəstək hesabına möhkəmləndirilməsinə xidmət edər, bu isə regionda qarşılıqlı etimadı zəiflətməyə və geosiyasi rəqabəti daha da dərinləşdirməyə xidmət edir.
Ona görə də mənim qənaətimə görə, Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyəti sülh prosesinin tərəflərindən birinin mövqelərinin gücləndirilməsi üzərində deyil, Azərbaycan və Ermənistanın suverenliyinə, qarşılıqlı maraqlarına və bərabərhüquqlu münasibətlərinə əsaslanan regional təhlükəsizlik modelinin formalaşdırılması üzərində qurulsa idi daha sülh üçün daha faydalı ola bilərdi.
Hal hazırda isə bunu iddia etməyə əsas yoxdur”.
Məhəmməd Əliyev