Advertisment

İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib

İsrail Prezidenti İsxak Hersoq “Yaşar” Partiyasının lideri Qadi Ayzenkota yeni hökuməti formalaşdırmaq mandatı təqdim edib.

İsrail mediasının məlumatına görə, mandat oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən prezidentin iqamətgahında təşkil olunan rəsmi mərasimdə təqdim edilib.

“Sizə hökuməti formalaşdırmaq mandatını verir və uğurlar arzulayıram”, – Hersoq bildirib.

İsrail Prezidenti ölkənin uzun müddət fəaliyyət göstərə biləcək sabit hökumətə ehtiyacı olduğunu vurğulayıb və parlamentdə təmsil olunan siyasi qüvvələri birliyə çağırıb.

“Birlik naminə mümkün olan hər şeyi etməyin vaxtı çatıb”, – o qeyd edib.

Ayzenkot isə hökumətin formalaşdırılması prosesini mümkün qədər tez başa çatdırmağa ümid etdiyini bildirib.

“Hamımız güzəştə getməli olacağıq. Tərəfdaşlarımın mövcud vəziyyətin əhəmiyyətini başa düşməsinə və məni tam dəstəkləməsinə şadam”, – siyasətçi deyib.

İsrail qanunvericiliyinə əsasən, Ayzenkot 28 gün ərzində 120 yerlik Knessetdə deputatların əksəriyyətinin dəstəyini qazanmalı və hakim koalisiya formalaşdırmalıdır.

Bu müddətdə razılıq əldə olunmasa, prezident danışıqlar üçün əlavə 14 gün vaxt verə bilər.

Koalisiya yenə formalaşdırılmadığı təqdirdə mandat başqa namizədə təqdim ediləcək. Həmin namizədin partiyalarla danışıqlar aparmaq üçün 14 günü olacaq və bu müddət uzadılmayacaq.

Heç bir namizəd hökuməti formalaşdıra bilməsə, 90 gün ərzində növbədənkənar parlament seçkiləri təyin olunacaq.