Advertisment

Türkiyəli dərnək rəhbərləri Zəfər Günü ilə əlaqədar Bakıya səfər ediblər-FOTOLAR

Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyinin 11 dönəm başqanı Hasan Yavuzhan, həmçinin Türkiyə Axtarış və Xilasetmə Dərnəyinin rəhbəri Okan Tosun 8 Noyabr -Zəfər Günü münasibətilə Azərbaycana səfər ediblər.

Səfər çərçivəsində qonaqlar Hərbi Yönümlü Təşkilatlar İttifaqının və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli ilə görüşüblər.

Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Hərbi Memorial Məzarlıqda uyuyran şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi yad edilib və ruhlarına dualar oxunub.

Ziyarət zamanı Azərbaycan şəhidlərinin qəhrəmanlıq salnaməsindən, Vətən uğrunda göstərdikləri fədakarlıqdan danışılıb. 

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və döyüş əzmi nümayiş etdirərək Ermənistanın işğalçı qüvvələrinə sarsıdıcı zərbələr endirib, torpaqlarımızı işğaldan azad edib və ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Daha sonra qonaqlarla geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin qaziləri və şəhid ailələri arasında əlaqələrin inkişafı, eləcə də hərbi yönümlü ictimai təşkilatlar arasında birgə fəaliyyət imkanları müzakirə olunub.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi dəyərləri və qarşılıqlı dəstəyi üzərində qurulub.

Bu münasibətlərin vətənpərvərlik, şəhid ailələrinə və qazilərə diqqət, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində birgə layihələrlə daha da inkişaf etdirilməsi vacibdir.

Səfərin iki ölkənin ictimai təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsinə və Azərbaycan-Türkiyə qardaşlığının daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Murad Muradlı
Herbiand.az