Hər xalqın tarixində elə günlər olur ki, onlar təkcə təqvimdə bir tarix kimi qalmır, millətin yaddaşına, kimliyinə və gələcək baxışına çevrilir. Azərbaycan xalqı üçün 8 noyabr məhz belə bir gündür.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması otuz ilə yaxın davam edən ədalətsizliyə son qoyan dönüş nöqtəsi oldu. Bu gün həm hərbi qələbənin, həm tarixi ədalətin bərpasının, həm də milli ruhun yenidən oyanışının rəmzidir.
1980-ci illərin sonlarında başlayan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərində açıq müharibəyə çevrildi. Nəticədə Azərbaycan ərazisinin təxminən beşdə biri işğal olundu, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü.
Azərbaycanın tarixi torpaqlarında yerləşən şəhər və kəndlər, məscidlər, qəbiristanlıqlar, muzeylər və abidələr dağıdıldı və ya talan edildi. Xocalı soyqırımı (26 fevral 1992) bu dövrün ən faciəli səhifələrindən biri kimi xalqın yaddaşına həkk olundu.
Beynəlxalq hüququn tələbləri
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə (822, 853, 874 və 884) işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Lakin bu qətnamələr otuz il ərzində yerinə yetirilmədi. Beynəlxalq təşkilatlar məsələni həll edə bilmədi, danışıqlar prosesi illərlə nəticəsiz qaldı. Məhz bu vəziyyət Azərbaycanı öz suveren hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etmək qərarına gətirdi.
Azərbaycan illər boyu danışıqlar masasında qalaraq sülh yolu ilə həll axtardı. Lakin qarşı tərəfin işğalı davam etdirməsi, status-kvonu dəyişməmək siyasəti və 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən təxribatlar göstərdi ki, danışıqlar yolu ilə nəticə əldə etmək mümkün olmayacaq.
Və bu proseslərin nəticəsində tariximizin ən şanlı səhifələrindən biri yazıldı,hərbi uğurun Anatomiyası olan - 44 günlük Vətən müharibəsi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Bu qısa müddətdə Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrutu, onlarla qəsəbə və yüzlərlə kəndi işğaldan azad etdi. Qələbənin zirvə nöqtəsi isə Şuşanın azad edilməsi oldu.
Azərbaycanın yürütdüyü taktika və strategiya böyük qələbə tarixi yazdı.
Zəfərin arxasında təsadüf deyil, uzun illər aparılmış məqsədyönlü hazırlıq dayanır. Bunu bir neçə istiqamətdə qruplaşdırmaq olar. Bunların içində ən vacibi hərbi quruculuq və modernləşmədir. Azərbaycan illər ərzində müdafiə və təhlükəsizlik sahəsinə ardıcıl investisiya qoydu. Orduda peşəkar kadr hazırlığı, müasir texnika və silahların alınması, hərbi təlimlərin intensiv keçirilməsi, xüsusilə əməliyyat qabiliyyətli xüsusi təyinatlı və komando bölmələrinin yaradılması bu hazırlığın əsasını təşkil etdi.
Müasir texnologiyaların tətbiqi olduqca yüksək səviyyədə idi. 44 günlük müharibə müasir texnologiyaların döyüş meydanındakı rolunu bütün dünyaya göstərən müharibələrdən biri oldu. Pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli artilleriya və raket sistemlərinin, kəşfiyyat və elektron müharibə vasitələrinin ahəngdar tətbiqi düşmənin müdafiə sisteminin zəifləməsinə gətirib çıxardı. Bu, klassik müdafiə doktrinasının müasir texnologiyalar qarşısında zəifliyini sübut etdi.
Mürəkkəb relyefdə manevr bacarığı isə ordumuzun peşəkarlığının bariz nümunəsi kimi çıxış etdi. Düşmən illər boyu dağlıq relyefdə möhkəm müdafiə xətləri qurmuşdu. Azərbaycan Ordusu isə həm düzənlik hissədə, həm də dağlıq və meşəlik ərazilərdə eyni vaxtda hücum əməliyyatları aparmaq, əsas yolları deyil, gözlənilməz istiqamətləri seçmək bacarığı nümayiş etdirdi. Şuşanın azad edilməsində ağır relyef şəraitində göstərilən qəhrəmanlıq xüsusilə fərqləndi.
Vahid komandanlıq və siyasi iradə isə xalqımızın güc mənbəyinə çevrildi. Müharibənin gedişində Ali Baş Komandanın qətiyyəti, siyasi və hərbi rəhbərliyin vahid idarəetməsi, qərarların operativliyi uğurun əsas amillərindən biri oldu. Bu, döyüş meydanında mənəvi üstünlük yaratdı.
İnformasiya və diplomatik cəbhədə də münaqişə özünü göstərirdi. Hərbi əməliyyatlarla paralel olaraq informasiya məkanında və diplomatik səviyyədə fəal iş aparıldı. Azərbaycan qarşısına qoyduğu hədəfin beynəlxalq hüquq çərçivəsində olduğunu, BMT qətnamələrinin icrasına yönəldiyini dünyaya çatdırdı. Mülki əhalinin hədəfə alınması faktları, o cümlədən Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə raket zərbələri beynəlxalq ictimaiyyətə təqdim olundu.
Xalq-ordu birliyi isə olduğca yüksək səviyyədə idi. Zəfərin ən mühüm amillərindən biri xalqın birliyi idi. Ölkənin hər yerindən, müxtəlif sosial təbəqələrdən olan insanlar ordu ilə mənəvi və maddi həmrəylik nümayiş etdirdi. Diasporun fəaliyyəti, könüllü kömək kampaniyaları və gənclərin səfərbərliyi bu birliyin göstəricisi oldu.
Zəfər böyük itkilər bahasına əldə edildi, şəhid verildi, minlərlə hərbçi yaralandı. Onların hər biri bir ailənin, bir məhəllənin, bir ümidin adıdır. Şəhidlər Zəfərin əsas qəhrəmanları, qazilər isə onun canlı şahidləridir. Onlara ehtiram yalnız mərasimlərlə deyil, gündəlik münasibətdə, ailələrinə qayğı ilə və xatirələrin yaşadılması ilə ifadə olunur.
Azərbaycanının gözəl guşələrindən biri olan Şuşa isə Zəfərin rəmzidir.
Şuşa Azərbaycan üçün sadəcə bir şəhər deyil. 1752-ci ildə Pənahəli xan tərəfindən qurulan Şuşa Qarabağ xanlığının mərkəzi, Azərbaycan musiqisinin, muğamın və ədəbiyyatının beşiyi, Azərbaycan mədəniyyətinin simvolu idi. Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi şəxsiyyətlər bu torpaqda yetişib.
1992-ci ildə Şuşanın işğalı Azərbaycan xalqının milli yaddaşında dərin yara kimi qaldı. 8 noyabr 2020-ci ildə şəhərin azad olunduğu elan edildikdən sonra Şuşa həm hərbi, həm mənəvi mənada Zəfərin rəmzinə çevrildi. Şuşanın strateji mövqeyi də mühüm idi,şəhərin azad olunması Xankəndi üzərində nəzarəti və regionun gələcək taleyini həll edən amil oldu.
Sonradan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2021-ci ilin iyununda Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi, şəhərdə keçirilən beynəlxalq mədəniyyət festivalları və bərpa işləri Şuşanın yenidən həyata qayıdışını göstərir.
8 noyabrın Azərbaycan tarixindəki əhəmiyyəti bu cəhətdən çox böyükdür.
8 noyabr tarixi bir neçə baxımdan müstəsna əhəmiyyət daşıyır.
Bunlardan ən vacibi tarixi ədalətin bərpasıdır. Otuz ilə yaxın müddətdə yerinə yetirilməyən beynəlxalq hüquq normaları və BMT qətnamələrinin tələbləri bu Zəfər nəticəsində öz həllini tapdı. Bu, xalqın ədalət duyğusunun təmin olunması idi. İşğal dövrünün yaratdığı məğlubiyyət kompleksi və çarəsizlik hissi qələbə ilə əvəz olundu.Bu mənəvi dönüş qələbənin hərbi nəticələri qədər dəyərlidir.
Bu qələbədə dövlətçilik təcrübəsi bütün dünyaya özünü sübut etdi. Ümummilli lider Heydər Əliyevin qoyduğu dövlətçilik əsasları, sabitlik, iqtisadi güc və ordu quruculuğu kursu Zəfərin təməlini təşkil etdi. Zəfər dövlətin uzun illik strateji planlaşdırmasının nəticəsi kimi qəbul olunur.
Bu zəfərlə Cənubi Qafqazda yeni vəziyyət yarandı. Regionda yeni nəqliyyat və kommunikasiya imkanları, iqtisadi əməkdaşlıq perspektivləri meydana çıxdı. Azərbaycanın regional siyasətdə mövqeyi güclənərək onu müstəqil və təsirli aktora çevirdi.
Noyabrın 8-nin Zəfər Günü kimi qeyd olunması dövlət səviyyəsində qərara alınıb. Bu, həm qələbəni əbədiləşdirir, həm də gələcək nəsillərə tarixi mesaj ötürür.
Zəfərdən sonrakı mərhələ isə böyük quruculuq tədbirləri və Böyük Qayıdışla özünü göstərir.
Zəfər yalnız döyüş meydanında bitmədi, o, yeni bir mərhələyə, quruculuğa və dirçəlişə yol açdı. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri başladı. Yeni yollar, tunellər, hava limanları, elektrik və su təchizatı sistemləri, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri bu prosesin tərkib hissəsidir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın və digər rayonlarda sakinlərin doğma yurdlarına qayıdışı üçün proqramlar həyata keçirilir.
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz suverenliyini ölkə ərazisində tam şəkildə təmin etdi.
Zəfər hər zaman yaşadılmalıdır. Və burda ən böyük məsuliyyət isə gənclərindir. Bu Zəfər gələcək nəsillərə ötürülməli və Zəfərin yaşadılması hər zaman hər istiqamətdə özünü göstərməlidir.
Zəfər bir dəfə qazanılır, lakin onun yaşadılması hər gün, hər nəslin məsuliyyətidir. Tarix göstərir ki, qələbələr unudulduqda, təhrif edildikdə və ya yalnız mərasimlərə çevrildikdə öz mənasını itirir. Bu baxımdan gənc nəsillərin üzərinə düşən vəzifələr çox genişdir.
Zəfərin real hekayəsini, onun arxasındakı qurbanları, faktları, şəxsiyyətləri bilmək gənc nəslin birinci vəzifəsidir.
Məktəb və universitetlərdə Zəfər tarixinin düzgün, elmi əsaslarla və yaşa uyğun şəkildə tədris olunması, tədris proqramlarında Qarabağın tarixi, mədəniyyəti və coğrafiyasının geniş yer alması gələcək nəsildə doğru tarixi təsəvvür formalaşdırır. Vətənpərvərlik şüarlardan çox, bilik, məsuliyyət və dəyərlər üzərində qurulmalıdır. Ailədə nağıl kimi danışılan qəhrəmanlıq hekayələri də tərbiyənin vacib hissəsidir.
Gənclər sosial şəbəkələrdə, beynəlxalq platformalarda, akademik mühitdə Azərbaycanın mövqeyini sənədlərə, faktlara və beynəlxalq hüquq normalarına əsaslanaraq təqdim etməlidirlər. Bunun üçün xarici dillərin, media savadlılığının, tədqiqat bacarıqlarının, təhlil qabiliyyətinin inkişafı vacibdir. Emosiya ilə yanaşı, güclü arqument və etibarlı mənbə də Zəfərin müdafiəsidir.
Qələbənin arxasında texnoloji və intellektual hazırlıq da dayanırdı. Gələcəkdə güclü dövlət və təhlükəsiz ölkə elm, mühəndislik, rəqəmsal texnologiyalar, müdafiə sənayesi və iqtisadi müstəqillik üzərində qurulacaq. Hər bir gənc öz sahəsində, istər həkim, müəllim, mühəndis, proqramçı, sahibkar və ya incəsənət xadimi olsun, peşəkarlığı ilə Zəfərə töhfə verir. Zəfərin ən dayanıqlı qorunma yolu güclü və inkişaf etmiş ölkə qurmaqdır.
Bərpa və quruculuq proseslərində gənclərin iştirakı ölkənin gələcəyi baxımından həlledicidir. Memarlar, şəhərsalma mütəxəssisləri, kənd təsərrüfatı və ekologiya sahəsində çalışanlar, könüllülər, müəllimlər və həkimlər Qarabağda yeni həyatın qurulmasına töhfə verə bilərlər. Doğma yurda qayıdan nəsil bu torpaqda həm kimliyini, həm gələcəyini qurur.
Zəfər şəhid və qazilərin qanı və cəfası ilə qazanılıb. Onların ailələrinə, övladlarına, valideynlərinə qayğı ilə yanaşmaq, qazilərin cəmiyyətə reinteqrasiyasına dəstək vermək, onları unutmamaq vətəndaşlıq borcudur. Hər bir gənc könüllü fəaliyyət, ziyarət, sosial layihələr və maarifləndirmə vasitəsilə bu borca öz payını verə bilər.
Mədəni irsin qorunmasıda ən vacib məqamlardan biridir.
Şuşanın musiqisi, muğam, aşıq sənəti, xalçaçılıq, Qarabağ atları və Qarabağ mətbəxi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Bu irsi öyrənmək, gələcəyə ötürmək və dünyaya tanıtmaq da Zəfərin yaşadılması formasıdır. Mədəni irsi qorumaq işğal dövründə dağıdılmış və təhrif edilmiş maddi və mənəvi dəyərləri yenidən canlandırmaq deməkdir.
Gənc nəslin ən böyük sərvəti isə azad torpaqda, müstəqil dövlətdə yaşamaq imkanıdır. Bu imkan onlara bir nəslin qurbanı ilə verilib. Onu qorumaq, inkişaf etdirmək və növbəti nəslə daha güclü formada ötürmək hər bir gəncin şərəf borcudur.
8 noyabr Zəfər Günü Azərbaycan xalqının iradəsinin, birliyinin, tarixi ədalətə inamının və dövlət-ordu-xalq həmrəyliyinin təntənəsidir. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin cəfası, ordumuzun peşəkarlığı və xalqımızın dözümü ilə qazanılıb.
İndi vəzifə bu qələbəni hafizədə, təhsildə, elmdə, mədəniyyətdə və quruculuqda yaşatmaqdır. Zəfər tarixdə qalan bir hadisə yox, hər gün yenidən qurulan, qorunan və gələcəyə ötürülən canlı irsdir. Gələcək nəsillər bu irsin varisləri və qoruyucularıdır.
Şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür, xalqımıza əbədi sülh və inkişaf arzusu ilə.
Zəfər Günümüz mübarək!
Əfsanə İbrahimova
Siyasi şərhçi
YAP FƏALI
