Advertisment

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın İrandakı Səfirliyi tərəfindən Tehran şəhərində Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Səfirlikdən Herbiand.az-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi anılıb, Dövlət Himni səsləndirilib.

Tədbiri açan Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqlar, ələ keçirdiyi hərbi qənimətlər haqqında iştirakçılara məlumat verib. Hərbi attaşe, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin də işğaldan azad olunduğunu vurğulayaraq, Azərbaycan Prezidentinin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırdığını qeyd edib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə 44 günlük Vətən müharibəsi ərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsinin ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini və möhkəm birliyini bütün dünyaya nümayiş etdirdiyini bildirib. Səfir Azərbaycanın Zəfər qazandığı müharibədən dərhal sonra sülhün ilk təşəbbüskarı olduğunu, sülh müqaviləsinin layihəsini təqdim etdiyini və bunun nəticəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflandığını diqqətə çatdırıb.

Diplomat işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycan Respublikası Prezidentinin birbaşa diqqət və qayğısı ilə həyata keçirilən genişmiqyaslı abadlıq və yenidənqurma işlərindən də söz açıb.

O, inşası başa çatmaq üzrə olan Ağbənd–Kəlalə körpüsünün yaxın aylarda açılışının nəzərdə tutulduğunu, görülən bu işlərin Azərbaycanın dost və yaxın qonşu olan İranla əlaqələrinin inkişafında və əməkdaşlığının daha da möhkəmləndirilməsində maraqlı olduğunu bir daha təsdiqlədiyini bildirib.

Əli Əlizadə qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək Zəfər Günü, eləcə də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıb.

Rəsmi qəbulda İranın dövlət qurumlarının və Silahlı Qüvvələrinin rəsmi şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, eləcə də Tehranda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə ölkəmizin şanlı Qələbəsini, ordumuzun nailiyyətlərini və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini əks etdirən videoçarxlar nümayiş etdirilib. Qonaqlar, həmçinin Vətən müharibəsinə və Zəfər Gününə dair təşkil olunmuş fotosərgi ilə tanış olublar.

Rəsmi qəbul milli mətbəximizin təamları ilə verilən ziyafətlə və Azərbaycan musiqisi ilə davam edib.