Advertisment

Müdafiə sənayesində yeni mərhələ: silah idxalından birgə istehsala

44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq bağlarını sadəcə siyasi və mənəvi müstəvidə deyil, həm də hərbi-strateji səviyyədə zirvəyə daşıdı.

Bu möhtəşəm Zəfərdən ötən illər ərzində iki ölkə arasındakı əlaqələr sadə hərbi texnika alqı-satqısından daha strateji bir mərhələyə-texnologiya transferi və birgə istehsala keçid etdi.

Artıq Türkiyənin ASELSAN, ROKETSAN, TUSAŞ və dünyaca məşhur "Baykar" kimi hərbi sənaye nəhəngləri Azərbaycanda öz rəsmi nümayəndəliklərini açaraq yerli mühəndislik məktəbimizlə güclərini birləşdirirlər.

Bəs 150 illik sənaye təcrübəsinə malik Azərbaycan mühəndislik potensialı ilə Türk texnologiyasının bu sinerjisi ordumuzun gücünü necə artırır və ölkəmizi regionun əsas hərbi sənaye mərkəzinə necə çevirir?

“Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Herbiand.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə hərbi sənaye əməkdaşlığının genişlənməsi müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların mənimsənilməsi və yerli mühəndis kadrlarının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır: “Təxminən son 10-15 il ərzində Türkiyənin müxtəlif hərbi sənaye müəssisələri, şirkətlərinin Azərbaycana, Azərbaycana transferi, yəni Azərbaycanda ofislərinin, nümayəndəliklərinin açılması və birgə istehsal istiqamətində müəyyən addımların atılmasının daha çox şahidi oluruq.

Vətən müharibəsindən sonra, 44 günlük Vətən müharibəsindən sonra bu prosesin daha da artdığını gördük.

Türkiyənin Baykar, TUSAŞ, ASELSAN və ROKETSAN şirkətləri Azərbaycanda öz nümayəndəliklərini açıblar. ASELSAN bu şirkətlər arasında Azərbaycanda ən uzun müddətdir fəaliyyət göstərən qurumlardan biridir. Şirkətin ölkəmizdə artıq bir neçə onillikdir davam edən fəaliyyəti var.

Bu baxımdan, onun Azərbaycandakı mövcudluğunu müsbət qiymətləndirmək olar. Lakin istehsal müəssisələrinin yaradılması, elmi-nəzəri və praktiki bazanın formalaşdırılması, eləcə də istehsal xətlərinin Azərbaycana köçürülməsi və ayrı-ayrı məhsulların ölkəmizdə birgə istehsalı ilə bağlı hələlik konkret nəticələrdən danışmaq tezdir.

Bununla belə, mühəndis kadrlarının hazırlanması istiqamətində müəyyən işlərin aparıldığını qeyd etmək lazımdır”.

R.Məmmədli deyib ki, Azərbaycanda mühəndislik məktəbinin yaşı az deyil. “Azərbaycan hər zaman istehsal, uzun illərdir, artıq 150 ildir istehsal sahəsində təcrübəsi olan bir ölkədir, bu baxımdan və xüsusən də İkinci Dünya müharibəsi dövründə və ondan sonrakı dövrdə hərbi təyinatlı məhsulların istehsalı, radiotexnologiya və bu kimi sahələrdə dəqiq elmlər sahəsində ixtisaslaşmış çoxlu sayda mühəndislərimiz var və mühəndislik məktəbimiz var.

Azərbaycanda bu sahə üzrə mütəxəssislərin hazırlanmasının tarixi sovet dövrünə gedib çıxır və həmin ənənə bu gün də davam etdirilir. Sözügedən şirkətlərin istehsal etdiyi texnologiyaların mənimsənilməsi, Qərb istehsalı olan hərbi məhsulların yaradılması və onların əsaslı təmiri üçün təcrübə mübadiləsinin genişləndirilməsi vacibdir.

Bu istiqamətdə müəyyən addımlar atılsa da, müvafiq sahədə çalışan mütəxəssislərin dəqiq sayı barədə konkret məlumat vermək mümkün deyil”-deyə, o, bildirib. Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığına, xüsusilə texnologiya transferi və birgə istehsal perspektivlərinə toxunan ekspert bildirib ki, bu sahədə artıq müəyyən irəliləyişlər müşahidə olunur.

Onun sözlərinə görə, “Baykar” şirkətinin Azərbaycanda istehsal imkanlarının yaradılması istiqamətində fəaliyyəti və bu prosesin genişləndirilməsi planları əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir: “Gələcəkdə iki ölkənin müdafiə sənayesi müəssisələri arasında birgə istehsal layihələrinin artırılması zəruridir.

Müdafiə sənayesində əsas məqsəd yalnız hazır məhsulların xaricdən satın alınması deyil, onların Azərbaycanda istehsalının təşkil edilməsi və yerli istehsal imkanlarının genişləndirilməsidir.

O bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrdə artıq müxtəlif təyinatlı onlarla məhsul istehsal olunur və bu məhsullara beynəlxalq bazarda da tələbat var. Onların bir sıra xarici ölkələrə ixracı Azərbaycanın müdafiə sənayesi məhsullarının beynəlxalq bazara çıxışını təmin edir”.

Ramil Məmmədlinin sözlərinə görə, 2014-cü ildən etibarən hər iki ildən bir keçirilən ADEX Beynəlxalq Müdafiə Sərgisi də yerli istehsalın təqdimatı və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

O qeyd edib ki, Azərbaycan artıq “Made in Azerbaijan” brendi altında müxtəlif çaplı atıcı silahlar, döyüş sursatları, patronlar və pilotsuz uçuş aparatları istehsal edir.

Bu sahədə ixtisaslaşmış müəssisələrin fəaliyyəti ilə yanaşı, yeni istehsal obyektlərinin tikintisi və istifadəyə verilməsi prosesi də davam edir.

Məhəmməd Əliyev

Herbiand.az