Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya siyasətini gücləndirməsi Moskvayönlü ekspert dairələrində narahatlıq doğurur.
Onlar hesab edirlər ki, Nikol Paşinyan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) sonra Avrasiya İqtisadi İttifaqından (Aİİ) da uzaqlaşmağa hazırlaşır.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın “Strateji Mədəniyyət Fondu”nun eksperti, politoloq Andrey Areşev Alpha Media Centre-də keçirilən “Məqsədyönlü dönüş: Ermənistanın KTMT-də gələcəyi və 9 noyabr razılaşmasının taleyi” adlı panel müzakirəsində bildirib.
Alpha News-un məlumatına görə, Areşev Ermənistanın Qərbə doğru geosiyasi istiqamət dəyişməsinin artıq real prosesə çevrildiyini etiraf edib.
“Paşinyan məqsədyönlü şəkildə Rusiyadan uzaqlaşır”
Politoloq Ermənistan baş nazirinin Brüsselə son səfərini xatırladaraq bildirib ki, İrəvan Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətindən geri çəkilmir.
“Bu yaxınlarda Nikol Paşinyan yenidən Brüsseldə oldu və 2027-ci, yaxud 2028-ci ildə Avropa İttifaqına üzvlük üçün müraciət etmək niyyətini təsdiqlədi. Başqa məsələdir ki, Ermənistan üzvlük əldə etməyə bilər. Amma məncə, indiki hökumətin siyasəti şüurlu və məqsədyönlü xarakter daşıyır”, – deyə Areşev bildirib.
“KTMT-dən sonra növbə Avrasiya İqtisadi İttifaqına çatacaq”
Rusiyalı ekspertin fikrincə, Ermənistan hakimiyyəti Moskva ilə əlaqələri mümkün qədər zəiflətməyə çalışır.
O hesab edir ki, KTMT-dən uzaqlaşmanın ardınca Ermənistanın Aİİ-dən çıxması məsələsi də gündəmə gələcək.
“Üstəlik, bu, gec deyil, daha tez baş verə bilər. Əlbəttə, belə addımların çox ciddi iqtisadi və geosiyasi nəticələri mümkündür”, – deyə politoloq xəbərdarlıq edib.
Areşevin açıqlaması göstərir ki, Ermənistanın Qərbə inteqrasiya istiqamətində atdığı addımlar Rusiyanın regiondakı mövqelərinin zəifləməsindən narahat olan dairələr tərəfindən ciddi geosiyasi itki kimi qiymətləndirilir.
Bununla belə, Ermənistanın Aİİ-dən çıxması barədə qərar qəbul edilməyib. Areşevin səsləndirdiyi fikirlər İrəvanın rəsmi qərarını deyil, onun gələcək siyasi kursla bağlı proqnozunu əks etdirir.
Musavat.com