24 il... Bu, sadəcə bir qəzetin nəşr tarixinin göstəricisi deyil. Bu, Azərbaycan Ordusunun keçdiyi şərəfli yolun, Vətənə sədaqətin, hərbi vətənpərvərliyin və qəhrəmanlıq salnaməsinin 24 illik tarixidir.
Mənim 22 illik jurnalistika fəaliyyətimin 11 ili də məhz “Hərbi And” qəzeti ilə bağlıdır. Bu illər ərzində qəzetin səhifələrində sözümüzlə, qələmimizlə Vətənə xidmət etməyə çalışdıq. Gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, Azərbaycan əsgərinin şərəfli xidmət yolunu, şəhidlərimizin misilsiz qəhrəmanlığını, qazilərimizin şücaətini ölkəmizin hər bir guşəsində tanıtmaq üçün canla-başla çalışdıq.
Bu qəzet bizim üçün yalnız bir iş yeri deyil, həm də Vətən sevgisinin, peşə məsuliyyətinin və milli-mənəvi dəyərlərə bağlılığın məktəbi oldu. Burada yazılan hər sətirdə bir əsgərin hünəri, bir şəhidin əmanəti, bir qazinin qüruru, bütövlükdə xalqımızın mübarizə əzmi əksini tapdı.
Bu gün 24 yaşını qeyd edən “Hərbi And” qəzetinin bütün kollektivini, keçmiş və indiki əməkdaşlarını, əziz hərbiandçıları ürəkdən təbrik edirəm. Arzu edirəm ki, qəzet bundan sonra da Azərbaycan Ordusunun səsi, Vətənə sədaqətin tribunası, qəhrəmanlıq tariximizin etibarlı salnaməçisi olsun!
24 yaşın mübarək, “Hərbi And”! Qələminiz iti, sözünüz güclü, yolunuz daim açıq olsun!
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Jurnalistlər Birliyi" nin üzvü, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi