Hələ illər, bəlkə, əsrlər sonra "bu dünyada bir Nəsir Əhmədli yaşadı" deyəcəklər. Daima elmə töhfə vermək üçün gündüzünü gecəsinə qatan bir işığı, nəinki jurnalistika, hətta əminliklə deyərdim ki, Azərbaycan elmi itirdi.
Mən, həm onun tələbəsi, həm də tələbəsinin tələbəsi olmuşam. Hər incə mətləbi tələbəsinə səbirlə, özünəməxsus mülayim səs tonu ilə çatdırmağa çalışardı və bunu çox gözəl bacarardı. İnanmıram ki, fəaliyyəti zamanı hansısa tələbəsinin xətrinə dəysin.
O, təkcə dərs zamanı deyil, dəhlizdə, bufetdə, pilləkəndə sualla yaxınlaşan bütün tələbələrinin suallarını cavablayardı. Bizi daima elmə, öyrənməyə və öyrəndiklərimizi də öyrətməyə sövq edərdi. Ömür boyu bildiyinin, bəlkə, çox az hissəsini bizlərə ötürdü. Təəssüflər olsun ki, ömür vəfa etmədi. Fələk bir ustadı bizdən qopardı.
Məkanın cənnət olsun!
Elmlə yanaşı, tələbələrinində xatirəsində iz qoymağı bacaran elm xadimi, alim, böyük ustad! Jurnalistika var olduqca, var olacaqsan, yaşayacaqsan!
Emin ŞİRVANZADƏ