Advertisment

Sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunur

Vətən, dövlət o zaman qüdrətli, qüvvətli olur ki, onun əsgəri də, rəhbəri də həmrəy olur. Haqq savaşımızda - 44 günlük Vətən müharibəsində xalqımız, ordumuz Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Millət kimi ayağa qalxıb, dövlətini, torpağını qoruyub, ərazi bütövlüyünü bərpa etdi. 30 ildir erməni işğalında olan doğma torpaqlarına qovuşdu.

İkinci Qarabağ müharibəsində düşmənə qalib gəlib, 30 illik həsrətə 44 gündə son qoyduq. Hərb meydanında hünər göstərən ordumuzla bərabər, dövlət başçımız cənab İlham Əliyev diplomatiya müstəvisində də layiqli mübarizə apardı. Sübut etdi ki, qələbəni təkcə silah gücü ilə deyil, həm də ağılla, məqsədyönlü siyasətlə qazanırlar. Dövlət başçımız uzaqgörən siyasət ilə ölkəmizi qalib ölkə kimi dünyaya tanıtdı.

Bu qalibiyyəti bizə bəxş edən əsgərlərimiz bu gün dövlət başçımızın diqqət və qayğısı ilə əhatə olunub.

Ulu öndər Heydər Əliyev Azərbaycan Ordusuna, onun əsgərinə, zabitinə daim diqqət və qayğı göstərir, şəhidləri müqəddəs bilir, adlarını əbədiləşdirirdi. Qazilərə ehtiram, etimad göstərirdi. Bu gün də bu ənənə davam edir. Ölkədə bu istiqamətdə genişmiqyaslı tədbirlər keçirilir. Ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən əsgərlərimizin problemləri yüksək səviyyədə həll olunur. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədən sonra 12 mindən çox şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb olunub. 8 min nəfər üçün kiçik ailə təsərrüfatı, kiçik biznes sahələri yaradılıb. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaralı hərbçilərinin problemlərinin həlli istiqamətində mühüm işlər görülüb.

Müharibədən dərhal sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanan və şəhid olan hərbçilərin ailələrinin təminatına dəstək olaraq "Yaşat" Fondunu yaratdı. Fond şəhid ailələrinə, əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə yaradılıb. Fond tərəfindən ağır yaralı qazilərimiz müalicə üçün xaricə göndərilir. Bu da onu göstərir ki, dövlət daim öz vətəndaşı ilə bərabər addımlayır.

Bütün bu işlərdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə qazilərin xaricdə müalicəsi, xüsusi texnologiyalı protezlərlə təmin olunması yüksək səviyyədə təmin edilir. Eyni zamanda, Fond tərəfindən onların məişət şəraitinin yaxşılaşdırılması, yeni mənzillərlə, avtomobillərlə təmin edilməsi istiqamətində davamlı dəstək göstərilmişdir. Bakı, Sumqayıt və Abşeronda şəhid ailələrinin evlə təmin olunması artıq yekunlaşmaq üzrədir. Bölgələrdə isə şəhid ailələrinə və qazilərə fərdi evlərin tikintisi, mənzillərin, pay torpaqlarının verilməsi davam edir.

Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə diqqət, qayğısı bunlarla bitmir. Dövlətimiz hər zaman onların yanındadır və bu məsələyə çox həssaslıqla yanaşır.

Həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, həlak olmuş hərbçilərin yas mərasimlərinin təşkili üçün ailəsinə 3 min manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq hər şəhid ailəsinə 500 manat məbləğində Prezident təqaüdünün verilməsi, şəhid övladlarının təhsil ocaqlarında ödənişli təhsildən azad olunması dövlətin şəhid və qazi ailələrinə diqqətinin təzahürüdür.

Cənab Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə şəhid ailələrinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasından geniş şəkildə danışmış və xüsusi olaraq vurğulamışdır ki, görülən işlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rolu böyükdür. Şəhid ailələrinin və hərbçilərin ev və avtomobillə təmin olunması, müalicə və reabilitasiyası ilə yanaşı, həm də məşğulluq marafonları keçirilir. Daha sonra Prezident İlham Əliyev qeyd etmişdi: "Müharibədə əlil olmuş bütün hərbçilər ən müasir protezlərlə təmin olunmuşdur. Dördüncü nəsil protezlərlə. Hansı ki, insan o protezlərlə rahat gəzə, qaça, hətta futbol oynaya bilər. Vaxtaşırı bu texnologiyalar dəyişdirilib, yenisi ilə əvəz olunur. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib. Biz bütün bunları ona görə etmirik ki, öyünək. Ona görə edirik ki, mənəvi borc bilirik. Əlbəttə, bundan sonra da edəcəyik".

Cənab Prezidentin də dediyi kimi, öz sağlamlığını itirmiş hərbçilər hər zaman qayğı ilə əhatə olunmalıdır. Dövlətimiz, həm də millətimiz hər zaman öz şəhidinin ruhuna ehtiramla, şəhid ailəsi və qazisinə diqqət və hörmətlə yanaşmalıdır.

Bu həssas qrupa aid olan vətəndaşlarımız müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur. Birinci Qarabağ müharibəsi, 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi iştirakçılarının ailə üzvlərinə qayğıkeş münasibət, məşğulluq problemlərinin həlli, müalicələrinin təşkili, dövlət tərəfindən onların növbəli şəkildə mənzil və avtomobillərlə təmin olunması söylənilənlərə əyani misaldır.

2022-ci il iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı bu məqama xüsusi diqqət çəkərək bildirib ki, İkinci Qarabağ müharibəsində əlil olmuş bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar.

Prezident İlham Əliyev eyni zamanda vurğulayıb ki, sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Ölkə rəhbəri məmurlara da səslənərək onlara bunu heç vaxt unutmamağı tövsiyə edib.

Dövlət Məşğulluq Agentliyi də öz növbəsində 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra şəhidlərimizin ailələri və qazilərimizə dəstək olmaq məqsədilə tədbirlər planına uyğun olaraq müəyyən istiqamətlər üzrə fəaliyyətə başladı.

2021-ci il sentyabrın 27-də qalib ölkənin başçısı, qalib ordunun Ali Baş Komandanı İlham Əliyev Zəfərin başlanğıcının birinci anım günündə qəhrəmanlarımızı böyük ehtiramla anıb. Dövlətimizin başçısı vətən, torpaq uğrunda öz canlarını fəda edən şəhidlərimizlə, qəhrəman əsgər və zabitlərimizlə daim fəxr edildiyini dilə gətirib, onların qanının yerdə qalmadığını, qisaslarının döyüş meydanında alındığını vurğulayıb.

Mikayıl HƏSƏNLİ

Yazı Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri" layihəsi çərçivəsində hazırlanıb