Rusiya Dövlət Dumasına səfərbərlik ehtiyatlarından Rusiyanın dərinliklərindəki vacib obyektlərdə və digər həyati əhəmiyyətli infrastrukturda təhlükəsizliyi təmin etmək üçün istifadəyə icazə verən qanun layihəsi təqdim edilib.
Herbiand.az bildirir ki, bu barədə “Vedomosti” qəzeti müvafiq sənədə istinadən məlumat verib.
İzahedici qeyddə bildirilir ki, hazırda ehtiyatda olan birləşmələrdən ibarət bölmələr yalnız səfərbərlik və ya hərbi vəziyyət dövründə yerləşdirilə bilər. Təklif olunan düzəlişlər onların sülh dövründə də istifadəsinə imkan verir.
Bundan əlavə, sənədə əsasən, Rusiya hökuməti xüsusi təlim məşğələlərinin keçirilməsi qaydasını müəyyən etməlidir. İştirakçıların hərbi təlimə çağırılan vətəndaşlar üçün mövcud qanunvericilikdə nəzərdə tutulan hüquqlara, vəzifələrə, sosial təminatlara, kompensasiyalara və məsuliyyətlərə malik olmaları gözlənilir.
Qanun layihəsində “Müdafiə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara düzəlişlər təklif olunur.
Bəxtiyar CƏFƏRLİ