Advertisment

BƏƏ Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı ölkəmizə səfər edib

Oktyabrın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı briqada generalı Məhəmməd Səid Əl-Səlminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, BƏƏ nümayəndələrini salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi əlaqələrimizin də inkişaf etdiyini vurğulayıb. General-polkovnik Z.Həsənov qarşılıqlı təcrübə mübadiləsi məqsədilə ölkəmizdə keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təliminin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Briqada generalı M.S.Əl-Səlmi isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və BƏƏ XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və birgə təlimlərin faydalarını diqqətə çatdırıb. Görüşdə, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra BƏƏ nümayəndə heyəti XTQ-nin N hərbi hissəni ziyarət edib. Qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünü və XTQ-nin xatirə abidəsini ziyarət edərək gül dəstələri düzüb, Ulu Öndərin və şəhidlərimizin xatirəsinə ehtiram nümayiş etdiriblər.

Ərəbistanlı həmkarı ilə görüşən Azərbaycan Ordusunun XTQ komandanı general-mayor Ələkbər Cahangirov hərbi əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb, Azərbaycan XTQ-nin fəaliyyəti və döyüş hazırlığı barədə qonaqlara ətraflı məlumat verib. Tərəflər hər iki ölkənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən birgə XTQ təlimlərinin hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına töhfə verdiyini qeyd edib və bu kimi təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda BƏƏ nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.