Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Elməddin Elşən oğlu Həsənovun əziz xatirəsi doğulduğu Şahtaxtı kəndində, müqəddəs məzarı önündə keçirilən tədbirdə yad edilib.
Tədbir bir dəqiqəlik sükutla başlayıb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra Kəngərli Rayon Dini icmasının sədri Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərimizin ruhuna dualar edib.
Anım mərasimində Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək şəhidin qəhrəmanlıq yolundan, onun Vətən qarşısında göstərdiyi fədakarlıqdan danışıb. Başçı çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz igidlik və birlik nümayiş etdirərək tarixi Zəfərə imza atdı.
O, qeyd edib ki, bu Qələbə təkcə müasir hərbi texnika və taktikanın deyil, həm də xalqımızın Vətən sevgisi, milli ruhu və şəhidlərimizin canı bahasına qazanılmış müqəddəs bir Zəfərdir:
“Azərbaycan Ordusunun hər bir əsgər və zabiti həmin dövrdə Vətənin azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Bu gün biz həmin qəhrəmanların, o cümlədən Elməddin kimi igid oğullarımızın sayəsində azad və qalib xalq kimi yaşayırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan bu Zəfər tariximizin ən şanlı səhifələrindən biridir.”
Tədbirdə daha sonra Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva, Ali Məclisin Deputatı Xəzəngül Orucova, eləcə də hərbiçilər çıxış edərək şəhid Elməddin Həsənovun həyat yolundan, Vətən uğrunda mübarizəsində göstərdiyi şücaətdən danışmış, Şahtaxtı kənd tam orta məktəbinin şagirdləri şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda tədbir iştirakçıları Şahtaxtı kəndindəki şəhidlərin məzarlarını ziyarət edərək məzarlarına tər qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar. Tədbir şəhid ailələri ilə birlikdə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi