Advertisment

Düylün kəndində şəhid Mətin Hüseynovun xatirəsi ehtiramla yad edilib

Vətən müharibəsində göstərdiyi igidlik və şücaətlə Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri sırasında öz adını qürurla yazdıran şəhid Hüseynov Mətin Ramiz oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 20 oktyabr tarixində Düylün kəndində təşkil olunan tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, qazilər, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Mətin Hüseynovun keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs ediblər. Qeyd olunub ki, o, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə mərdlik və qorxmazlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb. Onun kimi igid oğulların fədakarlığı sayəsində Azərbaycan bayrağı bu gün işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır.

Çıxışlarda vurğulanıb ki, şəhidlərin qəhrəmanlığı, onların Vətənə sonsuz məhəbbəti xalqımız üçün hər zaman qürur mənbəyidir. Onların xatirəsini yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın müqəddəs borcudur.

Məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, şəhidlərin şərəfli yoluna həsr olunmuş bədii kompozisiyalar təqdim olunub. Tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşərək onlara dərin ehtiramlarını bildiriblər.

Sonda vurğulanıb ki, şəhidlərin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların adları daim ehtiramla anılacaqdır.

Bu torpaqların azadlığı uğrunda canından keçən igidlərin ruhu qarşısında baş əyirik. Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi unudulmayacaq, onların döyüş ruhu gələcək nəsillərə yol göstərəcəkdir. Hər bir şəhidin adı xalqımızın qəlbində əbədi yaşayacaq!

Bəxtiyar ƏLİYEV