Advertisment

ABŞ kəşfiyyatından xəbərdarlıq- Putin dayanmayacaq

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı sülh danışıqlarında güzəştə getmək istəmir və döyüş meydanında məqsədinə çatana qədər müharibəni davam etdirmək niyyətindədir.

Bu barədə "NBC News" məlumat yayıb.

Mənbələr bildiriblər ki, ABŞ kəşfiyyatı bu qiymətləndirməni Amerika rəsmilərinə və Konqres üzvlərinə təqdim edib.

Mənbələrin sözlərinə görə, Putin Ukraynaya tammiqyaslı işğalın başlanğıcından bəri ən aqressiv mövqeni tutur.

Bu, Rusiya ordusunun çəkdiyi ağır itkilər və dördüncü ilinə qədəm qoyan müharibə fonunda iqtisadiyyatdakı problemlərlə bağlıdır. Putin hazırda itkilərini doğrultmaq, daha çox Ukrayna ərazisini ələ keçirmək və ölkəsini təhlükəsiz etmək məqsədi güdür.

"The Washington Post"un məlumatına görə, ABŞ prezidenti Donald Trampla son telefon danışığı zamanı Putin Ukraynadan müharibəyə son qoymaq üçün Donetsk bölgəsini təslim etməyi tələb edib.

Bunun müqabilində Zaporojye və Xerson bölgələrinin bir hissəsini Kiyevə təhvil verməyə hazır olduğunu bildirib. Tramp isə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra mövcud cəbhə xətti boyunca münaqişənin dondurulmasını təklif edib.

Lakin Moskva öz mövqeyində israr edib. Daha sonra Tramp Budapeştdə planlaşdırılmış zirvə görüşünü ləğv edib və Rusiyanın ən böyük neft şirkətləri olan "Rosneft" və "Lukoil"ə qarşı sanksiyalar tətbiq edib. Putin bunu siyasi təzyiq cəhdi adlandırıb və vurğulayıb ki, heç bir "özünə hörmət edən" ölkə təzyiq altında heç nə etməz.

"The Economist"in hesablamalarına görə, hazırkı irəliləyiş tempində Rusiya ordusu Donbası və qismən işğal olunmuş iki rayonu tam ələ keçirmək üçün 2030-cu ilə qədər döyüşməli olacaq. Nəşr qeyd edir ki, bu ilin may ayından Rusiya cəbhədə genişmiqyaslı hücuma başlayandan bəri Ukrayna ərazisinin yalnız 0,4%-ni ələ keçirib və heç bir strateji məqsədə nail ola bilməyib.