Advertisment

Ağdərənin Həsənriz kəndinə növbəti köç olub

Oktyabrın 29-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç olub. Bu mərhələdə kəndə 17 ailə olmaqla, 83 nəfər keçmiş məcburi köçkün qayıdıb.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Herbi9and.az-a bildirilib ki, sakinlər əvvəlcə kənddə yaradılmış şərait barədə məlumatlandırılıblar. Qeyd olunub ki, Həsənriz kəndində bütün zəruri infrastruktur - su, qaz, elektrik enerjisi və internet təminatı tam şəkildə bərpa edilib. Kənddə sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Sonra ailələrə evlərinin açarları təqdim edilib. Beləliklə, bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində, ümumilikdə, 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.