Advertisment

Emin Həsənli: “Mədəniyyət Nazirliyində gedən müsbət proseslər kimlərinsə maraqlarına toxunur”

“Bu gün Şəhid ailələrinə, qazilərə və ümumilikdə müharibə iştirakçılarına ən həssas yanaşan qurumlardan biri Mədəniyyət Nazirliyidir. Nazir Adil Kərimli başda olmaqla bütün strukturlar hər zaman bu həssas insanlara xüsusi diqqət və qayğı ilə yanaşır”.

Bu fikirləri Herbiand.az-a açıqlamasında hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli bildirib.

Emin Həsənli son günlər Mədəniyyət nazirliyinə qarşı aparılan xoşagəlməz kampaniyanı görülən müsbət işlərə kölgə salmaq cəhdi və şəxsi maraqlardan doğan qısqanclıq kimi dəyərləndirir:

“Mədəniyyət Nazirliyində müsbət proseslər gedir. Sözsüz ki, bu müsbət yönlü proseslər kimlərinsə maraqlarına toxunacaq. Buna görə də belə xoşagəlməz kampaniya aparılır. Bəziləri dövlət tədbirlərini toyxana ilə dəyişik salır. Anlamaq lazımdır ki, belə ucuz təbliğata qol qoyaraq özlərini reklam edərək dövlət tədbirlərinə təmsil olunmaq istəyi yersizdir. Belə qalmaqalla populyarlaşıb, ancaq toylara dəvət ala bilərlər”.

Birlik sədri hesab edir ki, bu cür xoşagəlməz kampaniyaların vaxtaşırı olması heç də müsbət hal deyil və mədəniyyətimizə ancaq zərər vurur:

“Vaxtaşırı xalq artistlərimizə, tanınmış mədəniyyət xadimlərinə, yazıçılara qarşı kampaniyalar aparılır. Bu ümumilikdə mədəniyyətimizə vurulan zərbədir. Tanınmış mədəniyyət xadimlərini gözdən salmaqla bayağı mədəniyyət daşıyıcılarına yol açmaqdır. İndi də bu hücum bütövlükdə Mədəniyyət Nazirliyinə qarşı yönəlib. Bunun qarşısı alınmalıdır. Ziyalılar, sənət aləmində öz sözünü deyən insanlar buna qarşı səslərini qaldırmalıdır. Çünki bu cür hallar ümumilikdə Azərbaycan mədəniyyətinə zərbədir”.