5 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Kərimov Kərim Məhəmməd oğlunun anım günü münasibətilə Şərur rayonunun Qarahəsənli kənd qəbiristanlığında anım tədbiri keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova rayon rəhbərliyinin salamlarını tədbir iştirakçılarına çatdıraraq Milli Qəhrəman Kərim Kərimovun şərəfli həyat və döyüş yolundan bəhs edib. Çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən və Böyük Qayıdış proqramının əhəmiyyətindən danışıblar.
Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və müvafiq qurumlara minnətdarlıqlarını bildiriblər.
Sonda Qarahəsənli kənd tam orta məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhidin əziz xatirəsi bir daha hörmət və ehtiramla yad olunub.
Bəxtiyar ƏLİYEV