Advertisment

Vətəndaş cəmiyyəti və Qarabağ münaqişəsi

Qarabağ münaqişəsi Azərbaycan tarixinin ən mürəkkəb və uzunmüddətli problemlərindən biri kimi artıq tarixə çevrilib. Onilliklər ərzində davam edən münaqişə yalnız siyasi və hərbi deyil, həm də sosial, iqtisadi və humanitar nəticələr doğurdu.

Münaqişə nəticəsində yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, cəmiyyətin müxtəlif təbəqələri uzun illər müharibənin təsirlərini yaşadı və hələ də yaşamaqdadır.

Belə bir şəraitdə dövlət institutları ilə yanaşı, vətəndaş cəmiyyətinin də rolu xüsusi əhəmiyyət kəsb etməyə bilməz. Humanitar yardımın təşkili, ictimai həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq ictimaiyyətin məlumatlandırılması və müharibədən sonrakı bərpa prosesində vətəndaş cəmiyyəti mühüm funksiyalar yerinə yetirməkdədir.

 

Vətəndaş cəmiyyətinin mahiyyəti

Vətəndaş cəmiyyəti dövlət strukturlarından kənarda fəaliyyət göstərən, lakin ictimai maraqların müdafiəsinə xidmət edən institutların və fəal vətəndaşların məcmusudur. Buraya qeyri-hökumət təşkilatları, xeyriyyə fondları, media qurumları, peşə birlikləri, könüllü hərəkatları, gənclər və qadın təşkilatları daxildir. Müasir demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti dövlətlə və cəmiyyət arasında körpü rolunu oynayır, insanların problemlərinin həllinə, ictimai nəzarətin həyata keçirilməsinə və sosial həmrəyliyin gücləndirilməsinə töhfə verir.

Azərbaycan cəmiyyətində də vətəndaş cəmiyyəti xüsusilə Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə öz fəallığını nümayiş etdirmişdir. Münaqişənin ilk dönəmlərində vətəndaş cəmiyyəti müqavimət hərəkatı kimi gündəmə gəldi.

Hələ SSRİ dağılmadığı bir vaxtda 1988-ci ildə insanlar münaqişə zonasıənda öz təhlükəsiliklərini və vətənin ərazi bütövlüyünü qorumaq üçün birləçmək təşəbbüsündə oldular.

Bu təşəbbüslər sonradan könnülü özünümüdafiə batalyonlarına və humanitar aksiyaları həyata keçirən birliklərə çevrildi.

Humanitar aksiyaların təşkil olunmasında da iki istiqamət formalaşdı.

Birinci istiqamət – münaqişədən zərər çəkənlərə dəstək olmaq.

İkinci istiqamət – sülh üçün qarşı tərəfin analoji strukturları ilə təmaslar.

SSRİ faktiki dağıldıqdan sonra Vətəndaş cəmiyyəti təmsilçilərinin maliyyəlşdirilməsi əsasən beynəlxalq donorlar vasitəsi və Azərbaycanda fəaliyyətə başlayan xarici ölkələrin diplomatik nümayyəndəlikləri vasitəsi ilə oldu.

Bu dövrdə müxtəlif məqsədli donorlar öz məqsədlərini reallaşdırmaq üçün şəbəkələr qurmağa başladı.

Belə şəbəkələrin müxtəlif məqsədləri vardı: Kəşfiyyat məlumatlarının toplanması, din  pərdəsi altında öz “fanat ordularının” yaradılması, siyasi proseslərə təsir imkanı olan təbəqələrin ələ alınması və sairə. 

Donor təşkilatlar əsasən məcburi köçkünlərin sosial müdafiəsi, psixoloji dəstək, təhsil layihələri, demokratik dətəylərin təşviqi pərdəsi altında fəaliyyət göstərirdi.

 

Qarabağ münaqişəsinin vətəndaş cəmiyyətinə təsiri

Uzun illər davam edən münaqişə Azərbaycan vətəndaş cəmiyyətinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən əsas amillərdən biri oldu. Minlərlə ailənin məcburi köçkün həyatı yaşaması humanitar problemlərin həlli üçün yeni təşəbbüslərin yaranmasına səbəb olurdu. Müxtəlif ictimai birliklər yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqların təhsil imkanlarının genişləndirilməsi və sosial inteqrasiyanın gücləndirilməsi istiqamətində layihələr həyata keçirməyə başladı.

Münaqişə dövründə vətəndaş cəmiyyəti təmsilçiləri beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin izah edilməsində də iştirak etdi. Xarici ölkələrdə keçirilən konfranslar, forumlar və ictimai kampaniyalar vasitəsilə münaqişənin humanitar nəticələri dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə müəyyən işlər görüldü. Eyni zamanda media nümayəndələri və müstəqil tədqiqatçılar müxtəlif dillərdə materiallar hazırlayaraq informasiya mübarizəsində iştirak etdilər.

 

Humanitar fəaliyyət və sosial həmrəylik

Qarabağ münaqişəsi dövründə və xüsusilə 2020-ci ildən sonra vətəndaş cəmiyyətinin humanitar fəaliyyəti daha da genişləndi. Könüllülər, xeyriyyə təşkilatları və ictimai birliklər müharibədən zərər çəkmiş ailələrə maddi və mənəvi dəstək göstərdi, şəhid ailələri və qazilərlə bağlı müxtəlif sosial layihələr həyata keçirdilər.

Eyni zamanda bəzi vətəndaş cəmiyyəti mənsubları Ermənistanın analoji təşkilatları ilə sülh quruculuğu üçün də müəyyən addımlar atmağa başladı.

Artıq hamının bildiryi “Sülh körpüsü” adlı bir platforna var. Və bu platformanın həm rəsmi Bakı, həm də rəsmi İrəvan tərəfindən dəqsətlənməsi vətəndaş cəmiyyəti strukturlarında müəyyən canlanmaya səbəb olub. Həttə platformada iştirak etmyən təşkilat və fərdlər də humanitar əlaqələrin yaradılması istiqamətində müəyyən fəallıq nümayiş etdirirlər. 

 

Müharibədən sonrakı dövrdə vətəndaş cəmiyyətinin rolu

Münaqişədən sonrakı mərhələdə əsas prioritetlərdən biri işğaldan azad olunmuş ərazilərin bərpası və həmin ərazilərdə dayanıqlı həyatın təmin edilməsidir. Bu prosesdə vətəndaş cəmiyyətinin fəaliyyəti yalnız humanitar yardımla məhdudlaşmır. İctimai təşkilatlar ekoloji monitorinqlər, mədəni irsin qorunması, əhalinin maarifləndirilməsi və sosial layihələrin həyata keçirilməsində iştirak edirlər.

Qarabağa Böyük Qayıdış prosesi çərçivəsində ictimai təşkilatlar yeni yaşayış məntəqələrində sosial inteqrasiyanın gücləndirilməsi, təhsil və mədəniyyət layihələrinin həyata keçirilməsi, əhalinin məşğulluğunun artırılması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edirlər. Bu fəaliyyət dövlət proqramlarını tamamlayan mühüm ictimai dəstək mexanizmi kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərində də vətəndaş cəmiyyətinin rolu artmışdır. Xüsusilə uşaqlar və kənd əhalisi arasında keçirilən məlumatlandırma tədbirləri insanların təhlükəsizlik qaydalarını öyrənməsinə kömək edir.

 

Sülh quruculuğunda vətəndaş cəmiyyətinin əhəmiyyəti

Müharibənin başa çatması sülhün tam təmin olunması demək deyildir. Davamlı sülh üçün qarşılıqlı etimadın formalaşdırılması, sosial dialoqun inkişaf etdirilməsi və regional əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu baxımdan vətəndaş cəmiyyəti uzunmüddətli sabitliyin təmin edilməsində mühüm rol oynaya bilər.

Elm, mədəniyyət, təhsil və humanitar sahələrdə həyata keçirilən layihələr insanların bir-birini daha yaxşı tanımasına və qarşılıqlı anlaşmanın inkişafına şərait yaradır. Gənclərin beynəlxalq layihələrdə iştirakı, akademik əməkdaşlıq proqramları və mədəni tədbirlər regionda etimad mühitinin formalaşmasına töhfə verə bilər.

 

Qarşıda duran çağırışlar

Vətəndaş cəmiyyətinin fəaliyyətinin daha da səmərəli olması üçün bir sıra məsələlər aktual olaraq qalır. Bunlara ictimai təşkilatların institusional inkişafı, peşəkar kadr hazırlığı, rəqəmsal texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi daxildir. Eyni zamanda dezinformasiyaya qarşı mübarizə, obyektiv məlumatlandırma və ictimai etimadın qorunması da mühüm vəzifələr sırasındadır.

Müasir dövrdə informasiya təhlükəsizliyi də vətəndaş cəmiyyətinin fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Sosial şəbəkələrdə yayılan yanlış məlumatların qarşısının alınması, media savadlılığının artırılması və faktlara əsaslanan ictimai müzakirələrin təşviqi cəmiyyətin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Gələcəkdə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media, elm və təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın gücləndirilməsi Qarabağ bölgəsinin davamlı inkişafına, sosial rifahın yüksəldilməsinə və uzunmüddətli sabitliyin möhkəmlənməsinə mühüm töhfə verə bilər. Vətəndaş cəmiyyətinin fəallığı yalnız demokratik inkişafın göstəricisi deyil, həm də milli həmrəyliyin, ictimai məsuliyyətin və davamlı sülh quruculuğunun əsas dayaqlarından biri hesab olunur.

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən və Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi tərəfindən icra olunan “Qarabağın yenidən qurulmasında Vətəndaş cəmiyyətinin rolu” adlı layihəsi çərçivəsində hazırlanıb. Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.