Advertisment

Vətən eşqi ilə döyüşə atılan qəhrəman-Fəxrəddin Bəşirov

Birinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçən qəhrəmanlardan biri də  Fəxrəddin Çərkəz oğlu Bəşirovdur.

Fəxrəddin Çərkəz oğlu Bəşirov 1966-cı il yanvarın 20-də Quzanlıda anadan olub.

1983-cü ildə Quzanlı kənd orta məktəbini, 1988-ci ildə Mingəçevir politexnik texnikumunu bitirib. Texnikumda oxuduğu müddətdə sovet ordusunda xidmət edib. Təhsilini bitirəndən sonra göndərişlə Rusiyanın Stavropol vilayətinə gedib. Neptun zavodunda işə düzəlib.

1989-cu ildə Fəxrəddin orada qiyabi Politexnik institutuna daxil olur, bundan bir il sonra Bakıya gəlib Xırdalan təmir-tikinti idarəsində işləməyə başlayır.

1992-ci ilin 10 avqustunda, cəbhədə döyüşlərin qızğın çağında Fəxrəddin könüllü olaraq milli orduya yazılır. Ala Yaqubun başçılıq etdiyi batalyonun tərkibində döyüşürdü. Onun döyüş yolu Xramord, Canyataq və Gülyataq kəndlərindən keçib.

Onu yaxından tanıyan Qarabağ qazisi Şahbaz Mehdiyev xatırlayır ki, Fəxrəddin Bəşirov qeyrətli, mərd və Vətənini canından artıq sevən insan idi: “Qarabağda baş verən hadisələr, doğma torpaqların düşmən tapdağı altına düşməsi onu daim narahat edir, qəlbində dərin ağrı yaradırdı.

Xocalıda törədilən dəhşətli faciə isə Fəxrəddinə xüsusilə ağır təsir göstərmişdi. O, günahsız insanların qətlə yetirilməsini, soydaşlarımızın öz yurdlarından didərgin salınmasını həzm edə bilmirdi.

Vətənin ağır günündə kənarda qalmağı özünə sığışdırmayan Fəxrəddin cəbhəyə yollanaraq torpaqlarımızın müdafiəsində iştirak etməyə can atırdı. Döyüş meydanında dəfələrlə cəsarət və fədakarlıq nümunəsi göstərən bu igid oğul təhlükədən çəkinmir, silahdaşları ilə çiyin-çiyinə vuruşurdu.

O, qısa ömrünü Vətən sevgisinə həsr etdi və qəhrəmanlığı ilə yaddaşlarda əbədi yaşayacaq bir iz qoydu”.

Qeyd edək ki, Fəxrəddin avqustun 24-də Mehmanə kəndi uğrunda gedən döyüşdə ürəyinə dəyən snayper gülləsindən həlak olub.

Quzanlı qəsəbə qəbirstanlığında dəfn olunub.

Evli idi, Teymur adlı bir oğlu var.

Aydın

Herbiand.az