Advertisment

Nəsillərə ötürülən mənəvi miras təhlükədə: "Köçsələr də, hələ də o həyatı yaşayırlar!" -Sosioloq

Laçın və Kəlbəcər tarixən zəngin elat mədəniyyəti, köklü adət-ənənələri, el mərasimləri və özünəməxsus həyat tərzi ilə seçilən bölgələrimizdəndir. Bu ərazilərdə formalaşan elat mədəniyyəti yalnız məişət ənənələrini deyil, həm də insanların bir-birinə bağlılığını, qohumluq münasibətlərini, şifahi xalq ədəbiyyatını, el şənliklərini və nəsildən-nəslə ötürülən mənəvi dəyərləri özündə birləşdirirdi. Lakin işğal nəticəsində doğma yurdlarından didərgin düşən insanların təxminən 30 il sürən məcburi köçkünlük həyatı bu mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsində də ciddi çətinliklər yaratdı. Bir sıra ənənələr əvvəlki formasını itirdi, bəziləri isə gündəlik həyatın dəyişməsi və yaşlı nəslin dünyadan köçməsi ilə unudulmaq təhlükəsi ilə üzləşdi. Bu gün həmin ərazilərdə həyatın yenidən canlanması ilə yanaşı, tarixi-mədəni irsin dirçəldilməsi məsələsi də aktuallaşır. Bəs illərlə qürbət həyatı yaşayan Laçın və Kəlbəcər sakinlərinin yaddaşında qorunan elat mədəniyyətini yenidən yaşatmaq mümkündürmü?

Sosioloq Ağasəlim Həsənli Herbiand.az-a açıqlamasında bildirib ki, şəhərləşmə proseslərinin sürətlənməsi elat mədəniyyətinin zəifləməsinə təsir edən əsas amillərdəndir:

“Elat mədəniyyəti köçəri və yarımköçəri tayfaların, tayfa birliklərinin həyat tərzini, onların yaratdığı maddi və mənəvi mədəniyyət nümunələrini, qohumluq əlaqələrini və şifahi xalq ədəbiyyatını özündə ehtiva edir. Azərbaycanda elat mədəniyyətinə yalnız ayrı-ayrı bölgələrin kontekstində yanaşmaq düzgün olmaz. Bu mədəniyyət daha geniş məna daşıyır və cəmiyyətin sosial-mədəni həyatının mühüm elementlərindən biridir. Vurğulayıb ki, urbanizasiya prosesləri sürətləndikcə insanların böyük şəhərlərdə yaşamağa meyli artır və bu, elat mədəniyyətinin daşıyıcılarının həyat tərzində dəyişikliklərə səbəb olur. Çünki elat mədəniyyətinin daşıyıcıları əsasən kənd yerlərində, kiçik yaşayış məntəqələrində yaşayan insanlar, köçəri tayfalar və tayfa birlikləri olub. Böyük şəhərlərdə isə həyat tərzi və sosial münasibətlər fərqlidir. Müasir dövrdə sürətli şəhərləşmə nəticəsində elat mədəniyyəti bir mədəniyyət növü kimi zəifləməyə doğru gedir. Əvvəlki dövrlərlə müqayisədə bu sahədə ciddi fərqlər müşahidə olunur”.

Laçın və Kəlbəcərin elat mədəniyyətinin tarixi ənənələrinin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirən sosioloq bu ərazilərin təxminən 30 il işğal altında qalmasının da həmin mədəniyyətə təsirsiz ötüşmədiyini deyib: “İşğaldan əvvəl Laçın və Kəlbəcər elat mədəniyyətinin səciyyəvi nümunələrinin qorunub yaşadıldığı bölgələrdən olub. Lakin işğal dövründə yerli əhalinin doğma yurdlarından məcburi köçkün düşməsi və başqa ərazilərdə məskunlaşması ənənəvi həyat tərzinin davamlılığına mənfi təsir göstərib”.

A.Həsənli hesab edir ki, elat mədəniyyətinin qorunması və inkişafı yalnız insanların istəyindən deyil, həm də coğrafi, sosial, mədəni və iqtisadi amillərdən asılıdır. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə bu mədəniyyətin ənənəvi nümunələrini yenidən müşahidə etmək mümkündür:

“Bu gün də Laçın və Kəlbəcər ərazilərində heyvandarlıq, maldarlıq, arıçılıq və digər sahələrlə məşğul olan insanlar mövsümi olaraq yaşayış yerlərini dəyişirlər. Bu, keçmişdən gələn elat mədəniyyətinin nümunələrinin hələ də yaşadığını göstərir. İnsanlar müəyyən fəsillərdə ənənəvi təsərrüfat sahələri ilə əlaqədar başqa ərazilərə köçür və bu proses elat mədəniyyətinin davamlılığını təmin edən amillərdəndir”. Müasir dövrdə elatın əvvəlki vəziyyəti ilə müqayisədə ciddi fərqlər olsa da, sosioloq bu mədəniyyətin tamamilə sıradan çıxacağını düşünmür.

Onun fikrincə, insanların öz ənənələrini yaşatması və bu istiqamətdə fəaliyyəti elat mədəniyyətinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaq: “Laçın və Kəlbəcərin elat mədəniyyətinin dirçəldilməsi və ənənələrin bərpası baxımından əlverişli ərazilər olduğunu vurğulayıb. O bildirib ki, tarixən bu bölgələrdə formalaşmış adət-ənənələrin yenidən yaşadılması həmin mədəniyyətin inkişafına töhfə verə bilər.

Elat mədəniyyəti özünü yalnız keçmişin mirası kimi deyil, həm də müasir dövrdə müəyyən formalarda davam edən sosial və mədəni fəaliyyət kimi göstərir. Laçın və Kəlbəcərdə ənənələrin qorunması və inkişaf etdirilməsi isə bu irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Yunis İsrəfilov

Herbiand.az