Advertisment

WSJ: Ukraynada döyüşlər dronlar sayəsində yerin altına keçib

Ukraynada döyüşlər yerin altına doğru irəliləyir. Dronların bolluğu yuxarıda hərəkəti ölümcül hala gətirdiyindən, Rusiya və Ukrayna orduları köhnə sovet boru kəmərlərinin geniş şəbəkəsindən fəal şəkildə istifadə etməyə başlayıblar.

Herbiand.az bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti yazıb.

Qəzet vurğulayıb ki, yeraltı kommunikasiya qoşunlara düşmənin arxasına gizli şəkildə nüfuz etməyə, mina sahələrini və havadan asanlıqla görünən, əsgərlərin asan ov halına gəldiyi əraziləri keçməyə imkan verir.

Nəşrin məlumatına görə, qapalı məkanlarda döyüşlər ənənəvi toqquşmalardan kökündən fərqlənir. Qaz maskaları taxan əsgərlər diametri təxminən 1,2 metr olan borulardan keçirlər. Onlar birbaşa divarlara kəsilmiş bunkerlərdə yatırlar. Atışmalar son dərəcə qısa məsafələrdə baş verir.

Ukrayna əsgərləri komandirlərlə söhbətlərində etiraf ediblər ki, əsas təhlükənin dronlardan gəldiyi açıq ərazidə döyüşməkdənsə, bu cür “yeraltı döyüşləri" daha çox üstün tuturlar.

Bəxtiyar CƏFƏRLİ