“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, kapitan Cəmiyev Aşur Bəybala oğlunun anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Aşur Cəmiyevin şərəfli döyüş yolu, hərbi peşəkarlığı və Vətənə sədaqətindən bəhs olunub. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin səsləndirdikləri vətənpərvərlik ruhlu şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Aşur Cəmiyev 1989-cu il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. Heydər Əliyev adına hərbi liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2010-cu ildə ali hərbi təhsilini başa vuraraq Dövlət Sərhəd Xidmətində xidmətə başlayıb.
Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edən Aşur Cəmiyev 2020-ci il oktyabrın 21-də Zəngilan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidin üç övladı yadigar qalıb.
Aşur Cəmiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətənə sədaqəti və qəhrəmanlığı ilə yaddaşlara həkk olunan Aşur Cəmiyevin əziz xatirəsi daim ehtiramla anılacaq. Onun şərəfli ömür yolu gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.
Bəxtiyar Əliyev