Advertisment

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb.

Herbiand.az xəbər verir ki, müdafiə naziri təbrikində hərbi qulluqçulara Azərbaycanın müdafiə qüdrətinin artırılması istiqamətində xidmətlərində uğurlar arzulayıb.

Zakir Həsənov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatlar, keçirilən hərbi təlimlər və uğurlu döyüş əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da gücləndirib.

“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları, antiterror tədbirləri nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi”, – təbrikdə vurğulanıb.

Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə, eləcə də Böyük Qayıdış prosesinə Azərbaycan Ordusunun töhfə verdiyini bildirib.

Zakir Həsənov Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən dövlət qayğısını xüsusi qeyd edib.

Nazir şəhid ailələrini, qaziləri, veteranları və bütün hərbi qulluqçuları Zəfər Günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və xidmətlərində yeni uğurlar arzulayıb.