Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyi 8 Noyabr – Zəfər Günü münasibətilə Hərbi Yönümlü Təşkilatlar İttifaqının və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənliyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyirli:
“Hörmətli Emin bəy,
İlk növbədə, şəxsən Sizə, Sizin simanızda isə bütün Azərbaycan xalqına dərin ehtiramımızı və qardaşlıq duyğularımızı çatdırırıq.
8 Noyabr Qarabağ Zəfəri Gününü yalnız Azərbaycanın hərbi və siyasi qələbəsi kimi deyil, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi ilə Türk millətinin ortaq yaddaşında özünəməxsus yer tutmuş tarixi qürur və qardaşlıq günü kimi dəyərləndiririk.
Bu əlamətdar gündə Bakı şəhərində olaraq qələbə sevincini Azərbaycan xalqı ilə birlikdə yaşamaq, təşkil olunacaq mərasimlərdə iştirak etmək və əcdadlarımızdan bizə miras qalmış soydaşlarımızın, azərbaycanlı qardaşlarımızın yanında olmaq istəyirik.
Mən şəxsən, mübarizəmizdə birlikdə olduğum silahdaşlarım və təmsil etdiyim vətəndaş cəmiyyəti təşkilatları adından bildirirəm ki, yetkinlik yaşına çatdığımız gündən etibarən Azərbaycanın, xüsusilə də Qarabağın yanında olmaq üçün səylər göstərmişik.
Qarabağın yenidən azadlığına qovuşacağına inandığımız ilk günlərdən etibarən bölgədə qurbanlar kəsdik, Qarabağdan ayrılmaq məcburiyyətində qalmış soydaşlarımızı ziyarət edərək onlara dəstək olduq. Şəhid və qazilərimizin xatirəsini yaşatdıq; şəhid ailələrimizi, qazilərimizi və onların təmsil olunduqları qurumları ziyarət edərək əlimizdən gələn dəstəyi göstərməyə çalışdıq.
Pandemiya dövründə və Qarabağ müharibəsi zamanı şəxsən Azərbaycana gələrək səhiyyə xidmətləri sahəsində fəaliyyət göstərdik. Xəstəxanalarda xəstələrə və yaralılara tibbi yardım göstərdik, cəbhədə xidmət edən əsgərlərimizə ilkin tibbi yardım təlimləri keçdik. Bir sözlə, Azərbaycanın çətin günlərində uzaqdan seyr edən deyil, imkanlarımız daxilində yanınızda olan qardaşlarınız olmağa çalışdıq.
Bu qardaşlıq yalnız bizim göstərdiyimiz sədaqətdən ibarət deyildi. Azərbaycanlı qardaşlarımız da ölkəmizin çətin anlarında hər zaman yanımızda oldular. Zəlzələlərdə, yanğınlarda və müxtəlif fəlakətlərdə ilk köməyə gələnlər arasında azərbaycanlı qardaşlarımızı gördük. Ağrımızı öz ağrınız, sevincimizi öz sevinciniz bildiniz.
Bu gün Türkiyə ilə Azərbaycan arasında zaman-zaman hiss olunan müəyyən incikliklərin və mübahisələrin fərqindəyik. Lakin bütün qəlbimlə inanıram ki, bunlar iki dövlətin və bir millətin köklü qardaşlıq münasibətlərinə xələl gətirə bilməz. Bu cür məsələlər iki millət arasında məsafə yaratmağa çalışan marjinal çevrələrin və təmənnasız təxribatların fövqündə duran dərin məna daşıyır. Qardaşlığımıza heç vaxt xələl gətirilməsinə imkan verməyəcəyik.
Səbətdəki çürük almalar digərlərini zəhərləmədən kənarlaşdırılmalıdır. Türkiyədə bu qardaşlığı zəhərləməyə çalışan çürük şəxslərə və qurumlara qarşı mübarizəmiz fasiləsiz davam edəcəkdir. Qardaşlığımıza xələl gətirilməsinə əsla imkan verməyəcəyik!”
Murad