Yaxın Şərqdə baş verən hərbi qarşıdurmalar İranın hərbi potensialı, müdafiə imkanları və regional güc statusu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Müharibə nəticəsində İranın hərbi infrastrukturuna, strateji obyektlərinə və müdafiə sistemlərinə dəyən zərərin ölkənin gələcək hərbi-siyasi mövqeyinə necə təsir edəcəyi əsas suallardan birinə çevrilib. Buna baxmayaraq, rəsmi Tehran növbəti hərbi əməliyyatlardan çəkinmədiyini və mümkün hücumlara cavab verməyə hazır olduğunu bəyan edir.
Belə bir şəraitdə İranın açıqlamaları bir sıra suallar doğurur: Müharibədən sonra ölkənin real hərbi gücü və strateji çəkindirmə imkanları nə dərəcədə qorunub saxlanılıb? İranın yenidən hərbi qarşıdurmaya hazır olduğunu bildirməsi faktiki hərbi potensialına əsaslanır, yoxsa daxili auditoriyaya və regional rəqiblərə ünvanlanan siyasi mesajdır?

Güney azərbaycanlı siyasi şərhçi və beynəlxalq münasibətlər üzrə mütəxəssis Məhsa Mehdili Herbiand.az-a açıqlamasında bildirib ki, İranın müharibədən sonrakı vəziyyətini yalnız hərbi itkilər kontekstində deyil, uzun illər ərzində formalaşdırdığı geostrateji strategiyanın nəticələri baxımından da təhlil etmək lazımdır:
“İran nüvə proqramını və nüvə silahı əldə etmək potensialını öz təhlükəsizlik strategiyasının mühüm elementlərindən biri kimi görür. Eyni zamanda Suriyada və regionun digər ölkələrində təsir imkanlarını genişləndirmək, regional güc statusunu qorumaq üçün uzun illər ərzində böyük maliyyə və hərbi resurslar sərf edib.
Lakin son müharibə İranın hərbi güc proyeksiyası, strateji çəkindirmə və müdafiə imkanlarının ciddi zəifliklərini üzə çıxarıb. Yüksək səviyyəli hərbi və siyasi rəhbərlərin öz yaşayış və iş məkanlarında hədəfə alınaraq öldürülməsi, hərbi infrastrukturun və müdafiə sistemlərinin vurulması rəsmi təbliğatla real hərbi-təhlükəsizlik potensialı arasındakı fərqi aydın şəkildə göstərib”.
Məhsa Mehdili hesab edir ki, İranın illərlə həyata keçirdiyi geostrateji investisiyaların və hərbi xərclərin nə dərəcədə effektiv olduğu ciddi müzakirə mövzusudur.
Bununla belə, siyasi şərhçi vurğulayıb ki, heç bir dövlətin hərbi üstünlüyü başqa bir ölkəyə hücum etmək və onun suverenliyini pozmaq hüququ yaratmır. ABŞ, İsrail və ya hər hansı başqa dövlətin güc tətbiqi beynəlxalq hüququn prinsipləri çərçivəsində qiymətləndirilməlidir.
Eyni zamanda İranın da öz təhlükəsizlik və xarici siyasət strategiyasını yenidən nəzərdən keçirməsinin zəruri olduğunu deyən Məhsa Mehdili bildirib ki, Hörmüz boğazı üzərindən geosiyasi təzyiq imkanlarından istifadə etmək və münaqişəni regional sərhədlərdən kənara çıxarmaq cəhdləri hərbi çəkindirmə strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər.
Onun fikrincə, dövlətin strateji maraqları ilə cəmiyyətin real ehtiyacları arasında ciddi fərq yarandıqda, bu siyasətin uzunmüddətli davamlılığı da sual altına düşür.
Siyasi şərhçi məsələnin ən mühüm tərəfinin dövlətin geosiyasi ambisiyaları ilə xalqın rifahı arasındakı ziddiyyət olduğunu qeyd edib: “İran cəmiyyəti uzun illərdir iqtisadi böhran, siyasi və ictimai təzyiqlər, azadlıqların məhdudlaşdırılması və təhlükəsizlik problemləri ilə üz-üzədir. Müharibə isə bu problemləri daha da dərinləşdirir. Heç bir xalq müəyyən siyasi qrupların ideoloji və geostrateji hədəflərinin, yaxud beynəlxalq güclərin regional maraqlarının qurbanına çevrilməməlidir.
İranın gələcəyini müəyyən edən əsas prioritet hərbi güc nümayişi və regional hegemonluq deyil, dövlətin öz xalqı ilə münasibətlərini yenidən qurması, daxili problemlərini həll etməsi, insan hüquqlarını və cəmiyyətin iradəsini əsas götürən siyasi sistem formalaşdırması olmalıdır”.
Yunis İsrəfilov