Advertisment

"8 Noyabr Zəfər günü təqvim rəqəmi deyil, qanla yazılan tarixdir” -Roza Əliqızı

“Hərbi jurnalist olaraq 44 günlük Vətən müharibəsinin hər gününü ön cəbhədə – mərmi səsləri, tank palçığı və əsgər nəfəsi içində yaşamış, bu gün isə qeyri-hökumət təşkilatı (QHT) rəhbəri kimi vətəndaş cəmiyyətinin quruculuğunda iştirak edən bir yazarın nəzərində 8 Noyabr – Zəfər Günü sadəcə təqvim rəqəmi deyil. Bu gün, cəbhədə qanla yazılan həqiqətlərin bu gün masada və beynəlxalq tribunalarda hüquqi, sosial və mənəvi qələbəyə çevrilməsinin rəmzidir”. Bunu Herbiand.az-a açıqlamasında hərbi jurnalist, Qarabağ müharibəsi veteranı, Daxili Qoşunların ehtiyatda olan zabiti, baş leytenant, "Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri Roza Əliqızı bildirib.

Onun sözlərinə görə, müharibə dövründə əsas missiya bu idi: cəbhədə baş verənləri operativ, dəqiq və obyektiv şəkildə işıqlandırmaq, Azərbaycan Ordusunun qəhrəmanlığını, əsgər və zabitlərimizin döyüş ruhunu ictimaiyyətə çatdırmaq, informasiya mübarizəsində dövlətimizin və xalqımızın haqq səsini dünyaya duyurmaq.

“8 noyabrda Şuşanın azad olunması xəbərini cəbhə xəttində diktofonlarımıza yazarkən hiss etdiyimiz o qürur, bu gün bir vətəndaş olaraq çiyinlərimizə daha böyük məsuliyyət qoyur. Çünki əsl vətəndaş cəmiyyəti ordunun qazandığı o möhtəşəm hərbi zəfəri xalqın hər bir fərdinin milli şüurunda statusa, layihəyə və daimi inkişafa çevirməyi bacarmalıdır. Bir hərbi jurnalist kimi mən qələbənin hansı ağrılar, şəhid itkiləri hesabına başa gəldiyini yaxşı bilirəm. Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalist həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun, eləcə də bütün şəhidlərimizin qanı o zaman cəbhədə bizi sarsıtmış, bədənimizi dondurmuşdusa, bu gün onların əziz xatirəsi məni daha böyük məsuliyyətlə çalışmağa, Vətənə və xalqa xidmət yolunda fəaliyyətimi davam etdirməyə sövq edir. Bu gün əsas vəzifəmiz məhz budur: şəhid ailələrinin səsi olmaq, qazilərimizin sosial reabilitasiyasını təmin etmək və cəmiyyətin həssas təbəqələrini dövlətin yanında güclü bir qüvvə kimi saxlamaq”.

Roza Əliqızı deyib ki, bu gün də mübarizəmiz davam edir, sadəcə, mübarizənin meydanı və forması dəyişib.

“Vaxtilə hərbi jurnalist kimi səngərdə, ön cəbhədə qələmim və kameramla həqiqətləri dünyaya çatdırmağa çalışırdım. Bu gün isə azad edilmiş torpaqlarımızın dirçəlişini, Qarabağda aparılan bərpa və quruculuq işlərini beynəlxalq ictimaiyyətə tanıtmağı özümə mənəvi borc bilirəm. Şuşanın, Ağdamın, Füzulinin timsalında Qarabağın yenidən qurulması, işğal dövründə törədilmiş ekoloji fəsadların, mina təhlükəsinin beynəlxalq təşkilatların və QHT-lərin diqqətinə çatdırılması bizim bugünkü fəaliyyətimizin əsas istiqamətlərindəndir. Əgər müharibə zamanı kameramızın obyektivindən dağıdılmış şəhər və kəndlərimizi, düşmənin törətdiyi vəhşilikləri lentə alırdıqsa, bu gün həmin obyektivlə dirçələn yurdlarımızı, Böyük Qayıdışın reallıqlarını və Zəfərimizin nəticələrini dünyaya göstərməyə çalışırıq. Mənim üçün 8 Noyabr – Zəfər Günü həm döyüş meydanında yaşadığım günlərin, həm də itirdiyimiz silahdaşlarımızın, şəhid jurnalist həmkarlarımızın xatirəsinin təcəssümüdür. Bu tarix bizə bir daha xatırladır ki, Vətəni sevmək yalnız onun uğrunda döyüşmək deyil, həm də sülh dövründə onun inkişafına, təhlükəsizliyinə və gələcəyinə töhfə verməkdir. Biz bu gün Zəfər tariximizi gələcək nəsillərə çatdırmalı, müharibə həqiqətlərini unutmamalı və daha güclü, hüquqi, inkişaf etmiş Azərbaycan naminə çalışmağa davam etməliyik. Çünki Zəfər yalnız qazanılan Qələbə deyil, həm də qorunmalı, yaşadılmalı və gələcək nəsillərə ötürülməli olan milli dəyərdir!”

 

Məhəmməd Əliyev

Herbiand.az