Kəngərli rayonunun Şahtaxtı kəndində Vətən müharibəsi şəhidi, əsgər Azər Kamil oğlu Tağıyevin anım günü münasibətilə məzarı önündə anım tədbiri keçirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, tədbir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulduğunu bildirib. O, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın yazdığı 44 günlük Zəfər tarixinin xalqımızın yaddaşına əbədi həkk olunduğunu vurğulayıb.
İcra başçısı şəhid Azər Tağıyevin şərəfli həyat və döyüş yolundan bəhs edərək, onun Vətən sevgisinin, cəsarət və şücaətinin gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib. Həmçinin şəhidin Vətən qarşısındakı xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunduğu orden və medallardan danışıb.
Kamal Ələkbərov çıxışında tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və qarşıdan gələn Konstitusiya Günü münasibətilə təbrik edib. Vətənə belə mərd, ləyaqətli və vətənpərvər övladlar bəxş etdiklərinə görə şəhid valideynlərinə dərin ehtiramını və minnətdarlığını ifadə edib.
Sonra şəhid valideynləri, Naxçıvan Qaziləri İctimai Birliyinin sədri, qazi Əli Əlisoy, hərbçilər və digər tədbir iştirakçıları çıxış edərək şəhidlərin Vətən uğrunda göstərdikləri fədakarlıqdan söz açıblar. Azər Tağıyevin və bütün şəhidlərimizin qəhrəmanlığının xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıblar.
Daha sonra məktəblilər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbirin sonunda şəhidlərin məzarları ziyarət olunub, önlərinə tər qərənfillər düzülərək əziz xatirələri dərin ehtiramla yad edilib. Sonda xatirə fotoları çəkdirilib.
Bəxtiyar Əliyev