Advertisment

Arazın o tayında yeni mərhələ: "Güney bu gün milli kimliyinə daha cəsarətlə sahib çıxır"

Son dövrlər sosial şəbəkələrdə Quzey Azərbaycanın musiqisinin, filmlərinin və digər mədəni məhsullarının Güney Azərbaycanda maraqla qarşılandığı müşahidə olunur. Bu proses iki bölgə arasında mədəni əlaqələrin və milli kimliklə bağlı müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olur. Bəs Quzey Azərbaycanın mədəni təsiri Güney Azərbaycanda ana dilinin qorunması və təbliği istiqamətində yeni bir dalğanın formalaşmasına təkan verə bilərmi?

Siyasi şərhçi Məhsa Mehdili Herbiand.az-a açıqlamasında bildirib ki,

“Mən bu prosesi Güney Azərbaycanda ana dili hərəkatının yeni bir dalğası kimi qiymətləndirməzdim. Çünki Azərbaycan dilini, mədəniyyətini, milli kimliyini və Azərbaycan vətən anlayışını qorumaq uğrunda mübarizə Güney Azərbaycan Milli Hərəkatının hər zaman mühüm bir hissəsi olub.

Tarixən Quzey Azərbaycanın Güneyə təsiri böyük olub. Pəhləvilər dövründən başlayaraq müxtəlif formalarda davam edən assimilyasiya siyasəti nəticəsində Azərbaycan türklərinin dili və milli kimliyi ciddi təzyiqlərlə üzləşib. Belə bir şəraitdə Quzey Azərbaycanda milli varlığımızın, dilimizin və mədəniyyətimizin güclü şəkildə yaşadılması Güney üçün hər zaman mühüm mənəvi və mədəni dayaq olub”. Milli fəal bildirib ki, Güney Azərbaycan xalqı da öz dilini, mahnılarını, bayatılarını, folklorunu və milli kimliyini ailədə və cəmiyyətdə qoruyub yaşatmaq üçün uzun illər mübarizə aparıb: “Bəli, bu, milli mübarizənin ayrılmaz bir hissəsidir. Söhbət yalnız ana dili hüququndan deyil, milli kimliyin bütün sahələrdə qorunmasından, siyasi və milli hüquqlardan gedir. Bu mübarizənin bədəli isə bəzən həbslər, cəzalar və insanların ömründən keçən ağır itkilər olub; universitetlərdə, ictimai, sosial və siyasi sahələrdə bunun çoxsaylı nümunələri var. Son dövrlərdə internetin və sosial şəbəkələrin inkişafı, Quzey Azərbaycan cəmiyyəti ilə Güney Azərbaycan xalqı arasında əlaqələrin genişlənməsi bu prosesi daha görünən edib. Quzeyin musiqisi, filmləri və mədəniyyəti Güneyə daha asan çatır. Dünya kiçilib, kommunikasiya imkanları artıb. Ancaq bu, yeni bir mübarizənin başlanması deyil, illərdir davam edən milli mübarizənin daha geniş şəkildə ifadə olunmasıdır. Bu gün Güney Azərbaycan cəmiyyəti 10, 20, 30 il əvvəllə müqayisədə öz dilinə, milli kimliyinə və mədəniyyətinə daha cəsarətlə sahib çıxır. Yəni yeni olan mübarizənin özü deyil, onun görünürlüğü və ifadə imkanlarının genişlənməsidir”.

Yunis İsrəfilov

Herbiand.az