Hazırda Azərbaycanla Ermənistan arasında regional kommunikasiyaların açılması istiqamətində müzakirələr və Zəngəzur dəhlizi (TRIPP marşrutu) üzrə hazırlıq işləri davam edir. Layihənin reallaşması fonunda marşrutun təhlükəsizliyinin necə təmin olunacağı məsələsi də diqqət mərkəzindədir.
Xüsusilə, dəhliz boyunca təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində Azərbaycanın rolunun hansı səviyyədə olacağı maraq doğurur.
Bəs Azərbaycan sərhədçiləri TRIPP marşrutunda təhlükəsizliyə nəzarət edə bilərmi? Mövcud razılaşmaya bu istiqamətdə əlavə bəndin daxil edilməsi mümkündürmü?

Politoloq Əhəd Məmmədli Herbiand.az-a açıqlamasında bildirib ki, TRIPP marşrutunda təhlükəsizlik mexanizmləri və Azərbaycanın bu prosesdə mümkün iştirakı regional əməkdaşlığın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır:
"Bildiyim qədər, razılaşmada Azərbaycan hərbçilərinin təhlükəsizliyi təmin edə biləcəyinə dair hər hansı bənd yoxdur. Ümumiyyətlə, TRIPP layihəsini nəzərdə tutursunuzsa, burada nəzarət təxminən 60 faiz Amerika korporasiyasının, 40 faiz isə Ermənistan dövlətinin əlində olacaq.
Zəngəzur dəhlizi Azərbaycan üçün tam təhlükəsiz, ölkəmizin istədiyi şəkildə istifadə edə biləcəyi bir yol olmalıdır. Biz orada ermənilərlə qarşılaşmamalı, nə mülki şəxslərlə, nə də hərbçilərlə üz-üzə gəlməliyik. Düşünürəm ki, Azərbaycan dövləti bu məsələni qaldırmalıdır.
Dəhlizə nəzarət yalnız ABŞ və Ermənistanın iştirakı ilə həyata keçirilməməli, Azərbaycan da bu prosesdə iştirak etməlidir. Ən azı Azərbaycanın təhlükəsizlik qüvvələri də TRIPP layihəsində yer almalıdır. Hesab edirəm ki, Azərbaycan bu layihədə iştirakını təmin etməlidir".
Yunis İsrəfilov
Hebriand.az