Advertisment

Enerji bazarları təhlükədə: Böyük müharibə başlayır?

ABŞ və İran arasında münasibətlər yenidən gərginləşməkdədir. Tehranın yeni silah sistemlərini nümayiş etdirməsi, hərbi imkanlarını artırdığını göstərən mesajlar verməsi və ABŞ Prezidenti Donald Trampın sərt bəyanatlarla çıxış etməsi regionda hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalını gündəmə gətirir.

Tərəflər arasında mövcud gərginlik fonunda diplomatik imkanların nə dərəcədə real olduğu və qarşılıqlı hərbi təhdidlərin hansı nəticələrə gətirib çıxara biləcəyi suallar doğurur. Bəs ABŞ və İran arasında müharibənin yenidən başlaması nə dərəcədə mümkündür?

Vaşinqton və Tehran yenidən birbaşa hərbi qarşıdurmaya gedə bilərmi?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Herbiand.az-a açıqlamasında ABŞ–İran müharibəsi və qarşıdurmanın mümkün siyasi, iqtisadi və geosiyasi nəticələrindən danışıb:

“ABŞ–İran müharibəsinin ən önəmli problemi ondan ibarətdir ki, hərbi əməliyyatların intensivliyi ilə siyasi nəticələrin əldə olunması arasında ciddi fərq mövcuddur. Bir tərəfdən ABŞ hərbi və iqtisadi təzyiq vasitəsilə bütövlükdə Tehranın strateji davranışını dəyişdirməyə çalışır. İran da öz növbəsində coğrafi mövqeyindən, enerji marşrutlarına təsir imkanlarından və regional müttəfiqlərindən istifadə etməklə müharibənin ABŞ üçün siyasi və iqtisadi dəyərini yüksəltmək istəyir.

Dünyanın aparıcı araşdırma mərkəzləri tərəfindən təqdim edilən materiallar iki mühüm məsələni üzə çıxarır. Bir tərəfdən, Vaşinqton və Tehran arasında diplomatik razılaşmanın əldə olunması istiqamətində ciddi çətinliklər mövcuddur. Digər tərəfdən isə İranın hərbi, iqtisadi və regional təsir mexanizmləri vasitəsilə ABŞ-a qarşı təzyiq strategiyası diqqət çəkir.

Onu da əlavə edim ki, uzun illər boyu sanksiyalarla sınağa çəkilən İran təhlükəsizlik təminatları və iqtisadi güzəştlər əldə etmədən müharibədən çıxmağı öz maraqlarına uyğun hesab etmir”.

Politoloq hesab edir ki, mövcud vəziyyəti yalnız hərbi əməliyyatların gedişi ilə dəyərləndirmək də düzgün olmazdı: “Çünki burada söhbət sadəcə iki dövlət arasında hərbi üstünlük uğrunda mübarizədən deyil, həm də Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının və regional güc balansının formalaşmasından gedir.

Bir tərəfdə müharibəni dayandırmaq, digər tərəfdə isə strateji məqsədlərə nail olmaq hədəfi dayanır. Tehran yaxşı fərqindədir ki, ABŞ hərbi baxımdan üstün mövqedə olsa da, İran qlobal enerji bazarlarına təsir göstərmək imkanına malik coğrafi mövqeyini qoruyub saxlayır.

İranın hesablamaları əsasən bundan ibarətdir ki, əgər ABŞ dəniz blokadasını güc yolu ilə davam etdirərsə, yeni hərbi eskalasiya riski artacaq. Bu da ABŞ üçün əlavə xərclər deməkdir. Əgər blokadanın yarılmasına imkan verərsə, Vaşinqtonun təzyiq siyasətinin effektivliyi şübhə altına düşə bilər. Deməli, Hörmüz boğazından və tanker daşımalarından istifadə etməklə hərbi qarşıdurmadan əlavə, siyasi və iqtisadi təzyiq mexanizmləri formalaşdırılır”.

Siyasi şəhrçinin fikrincə, bu qarşıdurma ABŞ və İran münasibətləri ilə məhdudlaşmayacaq. 
“İsrailin təhlükəsizlik strategiyası, Körfəz dövlətlərinin gələcək mövqeyi, həmçinin İraq və Yəməndəki proseslər və enerji marşrutlarının təhlükəsizliyi yeni konfiqurasiyanın müəyyənləşdirilməsinə təsir edən amillərdir.

Kimin daha çox hərbi zərbə endirməsi önəmli deyil. Əsas məsələ kimin öz hərbi, iqtisadi və siyasi resurslarından uzunmüddətli perspektivdə strateji məqsədlərinə gedən yolda istifadə etmək qabiliyyətinə malik olmasıdır. Bu baxımdan tərəflər vaxt uzatmağa da çalışırlar.

Burada İsrail faktorunu da nəzərə almaq lazımdır. İsrail İranın hərbi və nüvə potensialının zəiflədilməsində maraqlıdır. Lakin ABŞ üçün məsələ daha genişdir. Vaşinqton həm İsrailin təhlükəsizlik maraqlarını nəzərə almalı, həm Körfəz müttəfiqlərinin müdafiəsini təmin etməli, həm də müharibənin qlobal iqtisadi nəticələrini idarə etməlidir.

Milli təhlükəsizlik və regional sabitlik son dərəcə vacibdir. Həmçinin enerji təhlükəsizliyi və tranzit potensialı da qorunub saxlanılmalıdır. Çünki qlobal enerji bazarlarında qeyri-sabitlik sadəcə iqtisadi deyil, özü ilə birlikdə logistika riskləri də yaradır.

Həm ABŞ, həm də İran zamanın öz xeyrinə işlədiyini düşünür. Vaşinqton dəniz blokadası və iqtisadi təzyiq vasitəsilə İranı güzəştlərə məcbur etmək istəyir. Tehran isə ABŞ-nin müharibəni davam etdirməsinin iqtisadi və siyasi dəyərini artırmağa çalışır”-deyə, o, bildirib.

Yunis İsrəfilov
Herbiand.az