Advertisment

SSRİ-nin süqutunu görən, Qarabağ Zəfərinə inanan komandir-Baxış Quliyevin döyüş yolu

Quzanlı obasının Birinci Qarabağ müharibəsində igidlik göstərən yetirmələrindən biri də Baxış Quliyevdir.
Baxış Hüseyn oğlu Quliyev 22 iyun 1959-cu ildə Ağdamın Quzanlı kəndində doğulub. 

1976-ci ildə Quzanlı kənd orta məktəbini bitirəndən sonra kolxozda işləyib. 1978-ci ildə Sovet ordusuna çağırılan Baxış ikiillik hərbi xidmətini Moskva şəhərində başa vurub. Sovet ordusunda xidmət keçdikdən sonra kollektiv təsərrüfatda  çalışıb.

1982-ci ildə Qazaxıstana köçən Baxış bir müddət kənd təsərrüfatı sahəsində çalışdıqdan sonra Altay diyarına yollanır və orada fabrikdə işə düzəlir. 

Əmək fəaliyyəti ilə yanaşı, təhsilini də davam etdirərək Politexnik İnstitutuna daxil olur. Bir müddət sonra təhsilini Ümumittifaq Yüngül Sənaye və Toxuculuq İnstitutunda davam etdirir. Ali təhsilini başa vurduqdan sonra doğma kəndinə qayıdır. 1990-cı ildən etibarən Ağdam Dəzgahqayırma Zavodunda mühəndis vəzifəsində çalışmağa başlayır. 

Xocalı soyqırımından az sonra, 1992-ci ilin martında Baxış Quliyev könüllü olaraq Milli Ordu sıralarına qoşulur. Şirin Mirzəyevin rəhbərlik etdiyi batalyonda döyüş yoluna başlayır və qısa müddət ərzində batareya komandiri vəzifəsinə təyin olunur. Həmin vaxt onun hərbi rütbəsi baş leytenant idi. Baxışın döyüş yolu Ağdam və Ağdərə bölgələrinin Yeni Qaralar, Canyataq, Gülyataq, Fərrux, Sırxavənd və digər kəndlərindən keçərək Vəngədək uzanır. 

İyulun sonlarında batalyonun bir qrup əsgəri ilə birlikdə Sırxavənddə mühasirəyə düşən Baxış Quliyev bədəninin dörd nahiyəsindən qəlpə yarası alır. Lakin yaralandığını ailəsindən gizlədir. Ağdamın Qaradağlı kəndində yerləşən hərbi qospitalda bir neçə gün müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdır. Ancaq səhhəti tezliklə yenidən pisləşdiyindən avqustun 13-də Bakıya, hərbi qospitala aparılır. 

Bir ay davam edən müalicə təəssüf ki, nəticə vermir və Baxış sentyabrın 13-də müalicə aldığı qospitalda vəfat edir. 
O, Quzanlı qəbiristanlığında dəfn olunur. 
Baxış Quliyev 1987-ci ildə ailə həyatı qurmuşdu. Özündən sonra iki övladı yadigar qalıb.

Baxış Quliyev bizdən çox böyükdür. Onun gənclik illərini xatırlamıram. Kiçik qardaşı Teymuru söhbətə tuturam. Teymur deyir ki, qardaşı elmə, təhsilə maraq göstərən bir gənc olub: “Əsas məqsədlərindən biri ali məktəbə daxil olmaq olsa da, o dövrün subyektiv və obyektiv səbəblərindən bu arzusunu reallaşdıra bilməmişdi. Bir il Bakı şəhərində yeni fəaliyyətə başlayan Kondisioner Zavodunda fəhlə işlədikdən sonra Sovet Ordusu sıralarına hərbi xidmətə çağırıldı. 

Raketdən Müdafiə Qoşunlarında hərbi xidmət keçdikdən sonra 1980-ci ildə vətənə qayıtmışdır. Bir müddət kolxozda çalışdıqdan sonra ali təhsil almaq arzusunu gerçəkləşdirmək məqsədilə Altay diyarının Barnaul şəhərinə yollandı. Bir il hazırlıq keçdikdən sonra, 1985-ci ildə Ümumittifaq Moskva Texnologiya İnstitutunun mühəndislik ixtisasına qəbul olundu. 1988-ci ildə ailə həyatı qurmuş, Müşfiqə və Müşfiq adlı iki övladı dünyaya gəlmişdi. Təhsil aldığı institutu əla qiymətlərlə bitirdikdən sonra vətənə qayıtmış və Ağdam şəhərindəki TZTQRM zavodunda mühəndis kimi fəaliyyətə başlamışdı.

Rusiyada yaşadığı və təhsil aldığı müddətdə ailəsi ilə müntəzəm əlaqə saxlayır, hətta il ərzində üç-dörd dəfə doğmalarını ziyarət edirdi. Ailənin bütün qayğıları ilə yaxından maraqlanır, problemlərin həlli və işlərin qaydaya salınması üçün əlindən gələni edirdi”.

“1990-cı ildə əminliklə deyirdi ki, SSRİ dağılacaq”

Teymur deyir ki, qardaşı onun təkcə savad almasına yox, hərtərəfli şəxsiyyət kimi formalaşmasına çalışırmış:
“Bu müddət ərzində o, yalnız mənimlə maraqlanmır, həm də geniş dünyagörüşü və müxtəlif sahələr üzrə dərin biliyi sayəsində mənə çətin və anlaşılmaz görünən məsələləri, ayrı-ayrı fənlərə aid mövzuları ən xırda detallarınadək izah edirdi. 

Bunu böyük həvəslə edir, bildiklərini mənimlə bölüşməkdən xüsusi zövq alırdı. Siyasətlə xüsusi maraqlanmasa da, siyasi arenada baş verən hadisələrə yüksək məntiq və dəqiq mühakimə yürütmək bacarığı ilə qiymət verirdi. Onunla, daha doğrusu onun uzaqgörənliyi ilə bağlı bir detal yadımda qalıb. 

1990-cı il idi. 20 Yanvar faciəsi baş verməsinə baxmayaraq, ölkədəki mövcud problemlərin və baş qaldıran etirazların siyasi yollarla həll ediləcəyinə ümid bəsləyən xeyli insan var idi.

Baxış isə tam əminliklə SSRİ-nin ömrünün başa çatdığını və yaxın zamanda dağılacağını bildirirdi. Bir gün söhbət əsnasında onun bu fikri ilə razılaşmadığımı, bunun qətiyyən mümkün olmayacağını düşündüyümü söylədim. Hətta zarafatla dedim ki, SSRİ-nin dağılacağına bu qədər əminsənsə, heç olmasa bunun saatını və dəqiqəsini də söylə. Nəzərə alaq ki, bu söhbət 1990-cı ildə baş tutmuşdu.

Baxış isə SSRİ-nin 1992-ci ilin yanvarında artıq tarix səhnəsindən silinəcəyini qətiyyətlə bildirirdi. Onun bu proqnozu məni təəccübləndirsə də, sonradan baş verən hadisələr Baxışın dediklərinin reallığa nə qədər yaxın olduğunu göstərdi. Belə ki, SSRİ Prezidenti Mixail Qorbaçov 25 dekabr 1991-ci ildə istefa verdi, ertəsi gün – dekabrın 26-da isə SSRİ rəsmən ləğv edildi. Həmin gün Kreml üzərindəki qırmızı bayraq endirildi, oraq və çəkic təsvirli sovet bayrağı tarixə qovuşdu.

Bu tarixi hadisələrin şahidi mən də oldum. Həmin vaxt SSRİ dağılmamışdan əvvəl hərbi xidmətə çağırıldığım Ukraynanın Zaporojye vilayətində idim. Dəftərxana otağında bizə ayrılmış bir saatlıq istirahət vaxtında televizora baxarkən bu hadisələri canlı izlədim. Baxışın illər əvvəl söylədikləri gözlərimin önündə gerçəkləşdikcə onun uzaqgörənliyinə heyran qaldım. Bu, həqiqətən də inanılmaz idi. Onu da xüsusi qeyd etmək istəyirəm ki, 1991-ci ilin mayında məni hərbi xidmətə yola salarkən, Bakının Biləcəri qəsəbəsində Baxış yenə də özünəməxsus əminliklə demişdi: “Onsuz da SSRİ dağılacaq, sən də hərbi xidmətini vətəndə davam etdirəcəksən”.
Teymur qardaşı ilə bağlı başqa bir maraqlı faktı da xatırladır:

“Heç vaxt unutmadığım başqa bir hadisə də var. Ukraynalı zabit bizi Azərbaycandan hərbi xidmətə aparmaq üçün Bakıya gəlmişdi. Adlarımızı çəkərək qatara mindirirdi. Mənim adım çəkiləndə qardaşım Baxış həmin zabitə üzünü tutaraq belə dedi: “SSRİ dağılmaq üzrədir, siz isə mənim qardaşlarımı hələ də SSRİ-yə hərbi xidmətə aparırsınız?” Bu sözləri eşidən zabit heç nə demədən bir müddət sakitcə Baxışa baxdı.

Sonralar Ukraynada hərbi xidmətdə olduğum zaman, Ukraynanın müstəqillik qazanmasından sonra həmin zabir mənə dedi ki, “Bax, “krutoy”  qardaşın necə demişdisə, elə də oldu”. 

Ukraynalı zabit məndən  xahiş etdi ki, gələcəkdə məni ziyarətə gələrsə, mütləq qardaşımla birlikdə onun qonağı olaq”.
Teymur özü də Qarabağ müharibəsinin iştirakçısı və qazisidir:

“1992-ci ilin mart-aprel aylarında hərbi xidmətdən vaxtından əvvəl qayıdaraq Azərbaycanda xidmətimi davam etdirməyə başladım. Həmin vaxt Baxış da könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, Ağdam ərazisində yerləşən 836 saylı Ağdam Özünümüdafiə Batalyonunun artilleriya bölməsində leytenant rütbəsi ilə komandir müavini vəzifəsində xidmətə başlamışdı.

Onunla eyni vaxtda Sırxavənd və Vəng istiqamətində gedən döyüşlərdə iştirak etdiyimi də xatırlayıram. Hücum əməliyyatı axşam saatlarında başlamışdı. Strateji əhəmiyyətli bir sıra mövqelər düşməndən azad edilmişdi. Həmin mövqelərin əksəriyyəti Şirin Mirzəyevin komandanlıq etdiyi batalyonun əsgərləri tərəfindən ələ keçirilmişdi.

Burada bir məqamı da qeyd etmək istəyirəm. Baxışın sağ qalan döyüş yoldaşları mənim onun qardaşı olduğumu bildikdən sonra hər dəfə işdə və ya başqa yerlərdə qarşılaşanda onun haqqında böyük hörmət və ehtiramla danışmağa xüsusi həvəs göstərirlər. Bir dəfə Yüsranlı kəndindən olan Kərəm adlı keçmiş döyüş yoldaşından bunun səbəbini soruşdum. O, gözləri dolaraq belə dedi: “Kaş ki, bu qələbəmizi o da görəydi. Qələbəmizə onun qədər inanan və bizi də bu qələbəyə inandıran ikinci bir insan tanımıram”.

Kərəm danışırdı ki, Baxış hər döyüşə yollanmazdan əvvəl əsgərləri ruhlandıran söhbətlər edir, bəzən də onların əhvalını yüksəltmək üçün məzəli əhvalatlar danışırdı. Rus dilini o qədər mükəmməl bilirdi ki, rus dilində olan təlimatları sərbəst şəkildə tərcümə edir, havadan müdafiə silahlarının hər biri haqqında əsgərlərə ətraflı məlumat verirdi. Təlimləri elə ustalıqla keçirdi ki, döyüşçülərdə sanki həmin silahları özlərinin yaratdığı təəssüratı yaranırdı”.

Teymur deyir ki, Baxış Quliyevin keçmiş əsgəri Kərəm xüsusilə Sırxavənd və Vəng istiqamətindəki döyüşlərdən birini fəxrlə xatırlayırdı: “Deyirdi ki, Baxışın dəqiq və peşəkar təlimatı nəticəsində əsgərlərimizdən biri hava hədəflərini, o cümlədən döyüş təyyarələri və helikopterləri vurmaq üçün nəzərdə tutulmuş, bir nəfərin istifadə edə bildiyi “Stinger” raket kompleksindən atəş açaraq düşmənə məxsus döyüş helikopterini vurub yerə salmışdı. Mən də həmin döyüş əməliyyatında iştirak edirdim və baş verənləri başqa döyüşçülərlə birlikdə əvvəlki mövqelərimizdən böyük sevinc və qürur hissi ilə izləyirdim. Bu mənzərə heç vaxt yaddaşımdan silinməyib.

Artıq hava qaralmışdı. Biz ermənilərin yaşadığı yüksəklikdə yerləşən Xaçın kəndinin qəbiristanlığında mövqe tutmuşduq. Bir sıra strateji yüksəkliklər və mövqelər azad edilmiş, sabahı gözləyirdik. Birdən Vəng kəndi istiqamətindən silah-sursatla təchiz olunmuş, «Krokodil» adlandırılan iki düşmən döyüş helikopterinin üzərimizə doğru gəldiyini gördük. Mövqeyimiz yüksəklikdə yerləşdiyindən, demək olar ki, birbaşa hədəfdə idik.

Lakin helikopterlər bizə atəş açmadan başımızın üzərindən keçərək daha içərilərə, əvvəlcədən azad edilmiş mövqelərə doğru sürətlə uçdular. Təbii ki, hamımız ciddi narahatlıq keçirdik. Helikopterlərin arxadan dönərək yenidən hücuma keçəcəyini gözləyirdik. Ancaq onlar buna macal tapmamış, arxamızda yerləşən Sırxavənd istiqamətindəki hava hücumundan müdafiə mövqelərimizdən atəş açıldığını gördük.

Hadisə gözlərimizin qarşısında baş verirdi. Atəş açılan kimi düşmən helikopterinin zərbədən yayınmaq üçün bütün manevrlərə əl atdığını izləyirdik. Lakin atəş o qədər dəqiq və vaxtında açılmışdı ki, helikopter hədəfdən yayına bilmədi və vurularaq yerə düşdü. İkinci, silah-sursatla dolu helikopter isə atəşə məruz qalmamaq üçün başımızın üzərindən sürətlə uzaqlaşaraq canını qurtardı.

Bu hadisəni mövqedəki əsgərlərlə böyük sevinc və qürur hissi ilə müzakirə etdik. Baxışla mütəmadi olaraq bir-birimizə baş çəkirdik. Həmin döyüş əməliyyatından sonra onun yanına gedəndə «Stinger» raket kompleksinin bir nəfər tərəfindən necə idarə olunduğu ilə maraqlandım. Baxış mənə silahdan düzgün istifadə qaydalarını, hədəfin müəyyənləşdirilməsi və nişanalma prosesinin incəliklərini ətraflı izah etdi. Xüsusilə hədəfin kənardan düzgün müəyyənləşdirilməsinin nə qədər mühüm olduğunu vurğuladı”.

Teymur deyir ki, əsgərləri mərhum Baxış Quliyev haqqında böyük hörmət və ehtiramla danışırdılar: “Baxışın başqa əsgərləri də var idi. Onlarla hər dəfə qarşılaşanda qardaşım haqqında böyük ehtiramla danışdıqlarının şahidi olurdum. Onların xatirələrində Baxış təkcə komandir deyil, həm də döyüşçülərinə güvən verən, onları qələbəyə ruhlandıran bir insan kimi yaşayırdı.

Təəssüf ki, həmin dövrdə ordumuzda yüksək vətənpərvərlik ruhuna, cəsarətə və döyüş əzminə malik belə igidlərimiz olsa da, hərbi qüvvələrin kifayət qədər mütəşəkkil və vahid komandanlıq altında fəaliyyət göstərməməsi ciddi problemlər yaradırdı. Nəticədə əldə edilmiş uğurları qoruyub saxlamaq mümkün olmur, cəbhədəki vəziyyət tez-tez dəyişirdi. Sözügedən döyüş əməliyyatlarından cəmi iki gün sonra ermənilərin güclü əks-hücumu nəticəsində bir sıra mövqelərimizi itirdik”.

Baxış Quliyev Canyataq, Gülyataq və digər strateji əhəmiyyətli mövqelər uğrunda gedən döyüşlər zamanı düşmənin minaatan mərmisinin zəhərli qəlpəsindən yaralanır. Onu Bakıdakı "Semaşko" adına xəstəxanaya-indiki Kliniki Tibibi Mərkəzə yerləşdirirlər. 

Teymur deyir ki, Baxış sağalacağına, yenidən döyüş meydanına qayıdacağına və ölkəmizin qələbə günlərini görəcəyinə böyük ümid bəsləyirmiş: “Lakin bu arzu ona nəsib olmadı. Aldığı ağır yaraların fəsadlarından xəstəxanada vəfat etdi.

Bu gün geriyə baxanda bir daha anlayıram ki, Baxış yalnız cəsur döyüşçü və bacarıqlı komandir deyildi. O, həm də uzaqgörənliyi, biliyi, dünyagörüşü, insanlara münasibəti və qələbəyə sarsılmaz inamı ilə ətrafındakı insanlara nümunə olan bir şəxsiyyət idi. Onun əsgərlərinin xatirələrində yaşaması, illər keçsə də, haqqında ehtiramla danışmaları mənim üçün qardaşımın necə bir insan olduğunun ən böyük təsdiqidir”.

Elman Cəfərli
Herbiand.az