Advertisment

Kişinyovda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun sammiti keçirilir

Moldovanın paytaxtı Kişinyov şəhərində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun sammiti keçirilir. Noyabrın 24-dən 26-dək davam edən beynəlxalq tədbirdə Azərbaycan da daxil olmaqla, tərəfdaş ölkələrin vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

Sammitdə ölkəmizi təmsil edən iştirakçılar arasında Sosial Hüquqların Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu da var.

Xəzər Teyyublu Herbiand.az-a açıqlamasında bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin bu beynəlxalq platformada iştirakı ölkəmizin regional əməkdaşlıq proseslərinə töhfə verməsi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, forum Şərq Tərəfdaşlığı ölkələri arasında dialoqun genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və vətəndaş cəmiyyəti institutlarının əlaqələrinin gücləndirilməsi üçün mühüm imkanlar yaradır.

Xəzər Teyyublu qeyd edib ki, belə beynəlxalq görüşlər sosial hüquqların müdafiəsi, demokratik inkişaf və ictimai iştirakçılıq sahəsində ortaq təşəbbüslərin irəli sürülməsinə şərait yaradır.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan, Gürcüstan, Ukrayna, Ermənistan, Belarus və Moldovanı birləşdirən regional platformadır.

Qırğızıstan və Serbiyadan da müşahidəçi nümayəndələrin tədbirdə iştirak etdiyi bildirilir.

Sammitin proqramında Avropa inteqrasiyası, regional təhlükəsizlik, demokratik inkişaf, müstəqil medianın rolu və vətəndaş cəmiyyətinin gələcək perspektivləri əsas müzakirə istiqamətləri sırasındadır.

Tədbirin moderatorlarından biri hüquq müdafiəçisi Şəhla İsmayıldır.

Aydın

Herbiand.az