Advertisment

Nəhəngin hərbi ittifaqı nə vəd edir?-Regional balans dəyişə bilər

Xəbər verildiyi kimi, avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə şəhərində Birgə Müdafiə Sazişi imzalanıb. Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.

Sazişin əsas müddəasına görə, üç ölkədən birinə qarşı silahlı hücum digər iki dövlətə də hücum kimi qiymətləndiriləcək. Bu təşəbbüs artıq beynəlxalq siyasi dairələrdə «Müsəlman NATO-su» kimi müzakirə olunsa da, onun NATO səviyyəsində hərbi ittifaqa çevrilməsi hələ də sual altındadır. Bəs yeni hərbi əməkdaşlığın əsl strateji hədəfi kimdir: İran, İsrail?

Siyasi şərhçi Ənvər Ağazadə Herbiand.az-a açıqlamasında bildirib ki, Məkkə sazişi üç müsəlman dövlətinin imzaladığı mühüm müdafiə və təhlükəsizlik sənədidir. Onun sözlərinə görə, sazişin əsas mahiyyəti NATO-nun 5-ci maddəsində təsbit olunmuş kollektiv müdafiə prinsipinə söykənir.

Sənədə əsasən, iştirakçı dövlətlərdən birinə qarşı silahlı təcavüz digər üzvlərin də təhlükəsizliyinə təhdid kimi qəbul edilir:

“Sazişin təşəbbüskarı olan Türkiyənin xarici işlər naziri sənədin heç bir dövlətə qarşı yönəlmədiyini bəyan etsə də, məsələyə üç ölkənin strateji maraqları prizmasından yanaşdıqda fərqli mənzərə ortaya çıxır.

Belə ki, müsəlman dünyasının üç mühüm dövlətinin vahid müdafiə koalisiyası yaratması, əslində, onların gələcək təhlükəsizlik maraqlarına və suverenliyinə təhdid yarada biləcək istənilən ölkəyə qarşı birgə mövqe nümayiş etdirmək niyyətindən xəbər verir.

Başqa sözlə, bu saziş konkret bir rəqibi hədəf almaqdan daha çox, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının mümkün xarici təhdidlərə qarşı kollektiv müdafiə mexanizmi formalaşdırmaq maraqlarına xidmət edir.

Yaxın Şərqdə baş verən proseslər Səudiyyə Ərəbistanı üçün həm İran, həm də Tehranın dəstəklədiyi husilər tərəfindən irəli gələn təhlükəsizlik risklərini artırır.

Bu baxımdan, Məkkə sazişi həmin qüvvələri Səudiyyə Ərəbistanına qarşı mümkün hücumlardan çəkindirməyə hesablanmış kollektiv müdafiə mexanizmi kimi qiymətləndirilə bilər”.

Siyasi şəhrçi hesab edir ki, İsrail–Yunanıstan yaxınlaşmasının Türkiyə üçün yaratdığı strateji narahatlıqlar, eləcə də Hindistanla Pakistan arasındakı gərginlik sazişin regional təhlükəsizlik baxımından əhəmiyyətini artırır.

“Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının əsas məqsədlərindən biri potensial rəqiblərin mümkün hərbi təhdidlərinin qarşısını almaq və kollektiv müdafiə imkanlarını gücləndirməkdir. Sazişin əsas prinsipinə görə, iştirakçı dövlətlərdən hər hansı birinə qarşı silahlı hücum digər üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndiriləcək.

Bu baxımdan, sənədi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təhdid yarada biləcək istənilən dövlətə qarşı kollektiv müdafiə mexanizmi kimi dəyərləndirmək mümkündür”.

Bəs bu saziş gələcəkdə “İslam NATO-su”na çevrilə bilərmi?

Ənvər Ağazadə bildirib ki, perspektivdə bu təşəbbüsə digər müsəlman ölkələrinin də qoşulması mümkündür: “Çünki burada kifayət qədər ciddi strateji potensialı olan üç dövlət bir araya gəlib: nüvə silahına malik Pakistan, NATO üzvü olmaqla yanaşı, hərbi sənayesini sürətlə inkişaf etdirən Türkiyə və Yaxın Şərqdə böyük siyasi-iqtisadi nüfuza, eləcə də maliyyə imkanlarına malik Səudiyyə Ərəbistanı.

Bu üç ölkənin hərbi, siyasi və iqtisadi potensialını birləşdirməsi müsəlman dünyasında yeni təhlükəsizlik arxitekturasının formalaşmasına zəmin yarada bilər. Eyni zamanda, belə bir birlik İslam dünyasının həmrəyliyi və ortaq təhlükəsizlik maraqları baxımından da mühüm əhəmiyyət daşıyır.

Qarşıya qoyulan əsas vəzifə NATO-nun kollektiv müdafiə prinsipinə uyğun fəaliyyət göstərə biləcək regional təhlükəsizlik mexanizmi yaratmaqdır. Bu təşəbbüsün nə dərəcədə uğurlu olacağını və həqiqətən də “İslam NATO-su”na çevrilib-çevrilməyəcəyini isə zaman göstərəcək”.

Məhəmməd Əliyev

Herbiand.az