Advertisment

İctimai qınaq, yoxsa insanlığın itkisi?-Nərminə Qəribova yazır

22 noyabr 2026-cı il tarixində tanınmış aparıcı Ada Süleyman və Anar Kərimov ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatlarını itiriblər.

Hər bir insan itkisi kimi, bu faciə də cəmiyyətdə böyük kədər və sarsıntı yaratdı. İki gənc insanın həyatını itirməsi, iki ailənin bir anda yaşadığı ağrı, doğmalarını itirən insanların taleyi, xüsusilə də atasız qalan üç uşağın gələcəyi hər birimizi dərindən düşündürməlidir.

Lakin etiraf edim ki, məni hadisənin özü qədər, bəlkə də ondan daha çox sarsıdan başqa bir məqam oldu: bu faciədən sonra sosial şəbəkələrdə yazılan rəylər, səsləndirilən ittihamlar və insanların bir-birinə qarşı nümayiş etdirdiyi amansız münasibət.

İnsanların qəlbində bu qədər kin, nifrət və mərhəmətsizlik necə toplana bilər? Əmin olmadıqları məsələlər haqqında bu qədər asanlıqla necə hökm verə bilərlər? Bir anlıq belə düşünmədən, övladını, atasını, həyat yoldaşını itirmiş insanların onsuz da qanayan yarasına sözləri ilə duz səpməyə necə cəsarət edirlər?

Bəziləri bu münasibəti «ictimai qınaq» adlandırır.

Xeyr! Bunun ictimai qınaq deyil. Bu sübutsuz ittiham, iki ailəyə mənəvi zərbə, 3 uşağın gələcəyinə ləkədir. 
İctimai qınaq cəmiyyətin qəbul etdiyi mənəvi və hüquqi dəyərlərə zidd olan davranışların tənqid edilməsidir. İctimai qınağın da öz etik sərhədləri, vicdanı və məsuliyyəti olmalıdır.

Amma dünyasını dəyişmiş, artıq özünü müdafiə etmək imkanı olmayan insanlar haqqında fərziyyələr yürütmək, sübuta yetirilməmiş fikirləri həqiqət kimi təqdim etmək, ailələrin şəxsi faciəsini müzakirə obyektinə çevirmək ictimai qınaq deyil. Bu, mənəvi məsuliyyətin unudulmasıdır.

Unutmayaq ki, bu hadisənin arxasında sadəcə iki insanın ölümü deyil, iki ailənin dağılmış dünyası dayanır. Bu gün yazdığımız hər bir söz sabah atasını itirmiş üç uşağın qarşısına çıxa bilər. Onlar böyüyəcəklər, oxuyacaqlar, insanların valideynləri haqqında nə yazdıqlarını görəcəklər. Bəs biz onların qəlbində hansı izləri buraxdığımızı heç düşünürükmü?

İnsan bəzən danışarkən öz sözünün ağırlığını hiss etmir. Halbuki söz də bir davranışdır, sözün də məsuliyyəti var. Xüsusilə faciə qarşısında susmaq, mərhəmət göstərmək və bilmədiyimiz məsələlərə münasibətdə ehtiyatlı olmaq zəiflik deyil, mənəvi yetkinlik əlamətidir.
Heç bir insan bu dünyada mütləq qüsursuz deyil. Hər birimizin səhvləri, yanlış qərarları və hesabat verməli olduğumuz məqamları var. Lakin başqasının həyatını, ölümünü və taleyini mühakimə etməyə tələsməzdən əvvəl insan öz vicdanı qarşısında dayanmağı bacarmalıdır.

Əgər danışılmalı bir günah varsa, ilk növbədə insan öz günahlarını xatırlamalıdır. Əgər veriləcək bir hökm varsa, bunu şayiələrə, ehtimallara və şəxsi mülahizələrə əsaslanaraq deyil, faktlara və ədalətə söykənərək etmək lazımdır.
Bu faciə bizə bir daha xatırlatmalıdır ki, həyat çox kövrəkdir. Bu gün haqqında danışdığımız insan sabah aramızda olmaya bilər. Bu gün yazdığımız bir cümlə isə illərlə bir ailənin yaddaşında yara kimi qala bilər.

Gəlin, ölənlərin arxasınca danışmaq əvəzinə, onların ruhuna rəhmət diləyək. Geridə qalan ailələrə, xüsusilə də atasız böyüməli olacaq uşaqlara mənəvi dəstək olaq. Həqiqəti bilmədiyimiz yerdə susmağı, başqasının ağrısı qarşısında isə insan qalmağı bacaraq.

Çünki insanlığın ölçüsü yalnız doğru bildiklərimizi söyləməkdə deyil, bəzən söyləməkdən imtina etdiklərimizdə də özünü göstərir.

Unutmayaq: ictimai qınaq cəmiyyətin vicdanı ola bilər, amma vicdansızlıqla edilən qınaq heç vaxt ədalətə çevrilə bilməz.

Allah dünyasını dəyişənlərə rəhmət eləsin, ailələrinə səbir versin. Heç bir ailəyə belə bir dərd yaşatmasın.

Bir faciənin ardınca insanlığımızı da itirməyək.


Nərminə Qəribova,

Vətəndaş cəmiyyəti fəalı