Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası-COP31 beynəlxalq iqlim gündəliyinin əsas müzakirə platformalarından biri kimi diqqət mərkəzində olub.
Noyabrın 9-dan 22-dək davam edən konfransda qlobal istiləşmə, ekoloji təhlükəsizlik, yaşıl enerji keçidi və iqlim maliyyələşdirilməsi məsələləri müzakirə edilib. Tədbir dünya dövlətlərinin iqlim böhranına qarşı mübarizədə üzərinə düşən öhdəlikləri bir daha gündəmə gətirib.
Bununla yanaşı, fosil yanacaqlardan imtina və maliyyə mexanizmləri ilə bağlı fikir ayrılıqları beynəlxalq razılaşmanın əldə olunmasını çətinləşdirib.
"Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, COP31 qlobal iqlim böhranına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, ekoloji öhdəliklərin konkret əməli addımlarla dəstəklənməsinin vacibliyini bir daha nümayiş etdirib.
Onun sözlərinə görə, konfransda əldə olunan nəticələr və müzakirələr göstərir ki, iqlim dəyişikliklərinin qarşısının alınması üçün dövlətlər daha məsuliyyətli və ardıcıl siyasət həyata keçirməlidirlər: “COP31-in keçirilməsi bir daha göstərdi ki, iqlim dəyişiklikləri artıq yalnız ekoloji məsələ deyil, həm də qlobal təhlükəsizlik, iqtisadi inkişaf və insanların həyat keyfiyyəti ilə birbaşa bağlı problemdir.
Antalya konfransı dünya dövlətlərinin bu çağırışlar qarşısında ortaq məsuliyyət daşıdığını bir daha gündəmə gətirdi.
Bununla belə, fosil yanacağından mərhələli imtina və iqlim maliyyələşdirilməsi kimi mühüm məsələlərdə razılığın əldə olunmaması beynəlxalq əməkdaşlığın hələ də ciddi çətinliklərlə üzləşdiyini göstərir. Hesab edirəm ki, iqlim böhranı ilə mübarizədə siyasi bəyanatlardan daha çox konkret öhdəliklərə və onların icrasına ehtiyac var.
Xüsusilə sənayeləşmiş dövlətlər ekoloji problemlərin yaranmasında tarixi məsuliyyətlərini nəzərə alaraq inkişaf etməkdə olan ölkələrə maliyyə və texnoloji dəstəyi artırmalıdırlar.
İqlim dəyişikliklərinin təsirləri sərhəd tanımır və bu səbəbdən heç bir dövlət özünü qlobal ekoloji təhlükələrdən kənarda hesab edə bilməz. Azərbaycan da iqlim gündəliyinə xüsusi önəm verən ölkələrdən biri kimi yaşıl enerji keçidi, enerji səmərəliliyi və ekoloji tarazlığın qorunması istiqamətində fəaliyyətini genişləndirməlidir.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yaşıl enerji və ekoloji bərpa layihələri bu baxımdan mühüm əhəmiyyət daşıyır”.
Ekoloq deyib ki, su ehtiyatlarının azalması, səhralaşma, torpaq deqradasiyası və biomüxtəlifliyin itirilməsi regionumuz üçün də ciddi çağırışlardır: “Bu problemlərin həlli dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, ekoloji təşkilatların, elmi müəssisələrin və medianın fəal iştirakını tələb edir.
Biz ekoloji maarifləndirməni gücləndirməli, əhali arasında məsuliyyətli istehlak və təbiətə qayğı mədəniyyətini formalaşdırmalıyıq.
COP31-in nəticələrindən çıxarılan əsas dərs ondan ibarətdir ki, iqlim öhdəlikləri real fəaliyyətə çevrilmədikcə qlobal ekoloji təhlükələrin qarşısını almaq mümkün olmayacaq. Yaşıl gələcək naminə bu gün atılan hər bir addım gələcək nəsillərin təhlükəsiz və sağlam mühitdə yaşamaq hüququna xidmət edir”.
Aydın