Qayıdışın coğrafiyasında
BİR ULUSUN RUHU…
Ötən yüzilliyin 80-ci illərinə qədər Zəngilan şəhər Səməd Vurğunun adını mərkəzi stadionu olub. Şəhəri təmsil edən futbol klubu "Süsən" adlanıb. Zəngilan 5 ildir azaddır; kim bilir, bəlkə qarşı illərdə bərpa ediləcək “Süsən” də “Qarabağ” kimi uluslararası arenalara ayaq açacaq?.. “Süsən” olmasın, örnəyi, “Gündoğar ZƏNGƏZUR” (yaxud sadəcə “Zəngəzur”) olsun… Vaxtilə Gorusun “Zəngəzur” adlı klubu olub (1982-1996); bu adı daşımaq Zəngəzur klubuna daha çox yaraşmazmı?.. Bal kimi yaraşar, bal kimi!..
Futbol və bal yadımızda qalsın amma Zəngilan Şəhəri Gününü də unutmayalım.
Zəngilan adı Zəngəzurla qohum, Arazla sirdaş, Qarabağla doğmadır. Qədim türk yurdu olan bu torpaq yüzillərlə həm mədəniyyətin, həm mübarizənin, həm də müqavimətin rəmzi olub. Zəngilanın hər dağı, hər çayı Azərbaycan varlığının, necə deyərlər, sükut içində danışan dili olub.
Tarix göstərdi ki, coğrafiya xəritədən üstündür – o, ulusun yaddaşıdır. Bu yaddaş 1993-cü ilin payızında mühasirədə qaldı, günlərlə çarpışdı, vuruşdu, yaralandı, şəhid verdi, lakin susmadı, əlbəttə. Əlbəttə, Zəngilanın mübarizəsi bir el-obanın deyil, bütöv ölkənin sınağı idi. Və nəhayət, 2020-ci ilin 20 oktyabrında o sınaq Zəfərlə tamamlandı – Zəngilan işğalçıların tapdağından qurtuldu!
Bu torpaq yalnız işğaldan azad olunmadı – yenidən doğuldu, yenidən! Ağalı kəndində qurulan “ağıllı kənd” layihəsi tikinti-quruculuq, bərpa sürəci olmaqla yanaşı, həm də, belə deyək, milli dirçəlişin texnoloji bəyannaməsidir. Günəş panelləri, Arximed turbinləri, rəqəmsal yarımstansiyalar, “ASAN” və “DOST” mərkəzləri – bunlar sadəcə infrastrukturdurmu? – Bunlar həm də, dövlət düşüncəsinin çağdaş səviyyəsi, səciyyəsidir.
Zəngilan bu gün Zəngəzur dəhlizinin nəfəsidir. Dəmir yolları, hava limanı, su elektrik stansiyaları ilə Türk dünyasının qovuşma xəritəsi bu torpaqda cızılır. Hər tunel, hər körpü logistik məzmunlarla birgə, mənəvi bağlantıdır – Naxçıvanla Bakı, Zəngilanla Türküstanın, Anadolu ilə Altayın birləşməsidir.
Zəngilanın coğrafiyası bir nağıl kimi, nəğmə kimi, nəqarət kimi də gözəldir – Həkəri, (adını Beysut tirəsindən almış) Bəsitçay, Araz… Hər çay bir dastandır elə bil... Elə bil çaylardan yalnız su axmır… Bu torpaqda qədim Alban kilsələri, səkkizguşəli türbələr, məscidlər və pirlər yan-yana dayanır. Mədəniyyətlərin, o cümlədən barış mədəniyyətinin harmoniyası burada təcalla tapır. Erməni vandalizmi nə qədər dağıtsa da, bu harmoniya ruhən yaşadı. Çünki ulus yaddaşını dağıtmaq mümkün deyil.
Bu gün Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Zəngilan məscidi, Zəngilan Beynəlxalq Hava Limanı,
xidmət mərkəzləri, Aqropark və Zəngilan Konqres Mərkəzi – bunların hamısı bir ideyanın – Qayıdışın, Yenidənquruluşun, Dirçəlişin təntənəsidir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı əsasında 20 oktyabr – Zəngilan Şəhəri Günü olaraq təsis təqvimdə öz dərəcəsini qazandı. Yəni bu, təqvimdə bir gün olmaqdan ziyadə, ulusun ruhunda bir mərhələdir. Zəngilan Şəhəri Günü təkcə bir şəhərin, el-obanın yox, bütöv Azərbaycanın yenidən doğuluşunun bayram günlərindəndir.
Hər il bu tarixdə biz yalnız azadlığı deyil, həm də bərpa edilmiş ədaləti, bərpa edilmiş sınırları, bərpa edilmiş milli ləyaqəti vurğulayırıq. Zəngilan qurtulanda Azərbaycan-İran sınırı tam bərpa edildi, bölgədə yeni barış və işbirliyi coğrafiyası yarandı. Biz zatən barış istəyənə barış əlimizi qüvvətli şəkildə və bir an öncə uzadırıq; savaş istəyənsə… özündən küssün…
Bu gün Zəngilan Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı ilə birgə Gündoğar Zəngəzurun, bütövlükdə Azərbaycanın bir parçası deyil, Türk dünyasının gələcəyə baxan gözüdür. Buradan Türk dünyasının gələcək strateji xəritəsi aydın oxunur... Zəngilan bir yer adı olmaqdan beş ildir çıxıb – o, artıq bir ülkünün, bir ruhun və ortaq gələcəyin rəhnidir, təntənəsidir, özəyidir.
Bu ruhu qorumaq, bu torpağı sevmək – Zəngilanı yaşatmaq deməkdir.
Zəngilan yaşadıqca, Zəngəzur yüksələcək.
Gündoğarlı-Günbatarlı Zəngəzur adına, tarixinə uyğun inkişaf etdikcə Azərbaycanın bayrağı qürurla dalğalanacaq.
Azərbaycan ucaldıqca – Türk dünyası da ucalacaq.
Türk dünyasının birliyi tərəqqipərvər bəşəriyyətin xeyrinədir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI