"Xalqın xidmətçisi" partiyasını təmsil edən Ali Radanın deputatı Sergey Nahornyak Ukraynada səfərbərlikdən rəsmi ödənişli möhlət tətbiq etməyi təklif edib.
Herbiand.az bildirir ki, bu barədə Ukraynanın "Teleqraf" nəşri məlumat verib.
Deputat təklifini Ukraynada çağırışçıların möhlət alması üçün rüşvətin geniş yayılmasını misal gətirməklə izah edib. Alternativ olaraq, o, Ukrayna Silahlı Qüvvələrində hərbi xidmətdən rəsmi olaraq möhlət almaq istəyənlərin qanuni olaraq bunun üçün pul ödəyə biləcəyi iqtisadi rezervasiya mexanizmi təklif edib. Nahornyakın fikrincə, bu mexanizm möhlət alan vətəndaşların Ukrayna daxilində və xaricdə sərbəst səyahət etməsinə imkan verəcək.
Deputat həmçinin, əldə olunan gəlirlərin xüsusi hesaba yönəldilməsini və motivasiya kampaniyasında istifadə edilərək Ukrayna Silahlı Qüvvələrinə qoşulanlara işə qəbul sistemi vasitəsilə ödəniş edilməsini təklif edib. Lakin o, etiraf edib ki, cəmiyyət belə bir təşəbbüsü ədalətsiz hesab edə bilər, çünki nəticədə möhlət almaq üçün pulu olmayanlar xidmət edəcəklər.
Bəxtiyar CƏFƏRLİ