Yazıçı-publisist Əkbər Qoşalı bir zamanlar mərhum professor Əliyar Səfərli tərəfindən irəli sürülmüş Türk Xalqları Universitetinin yaradılması təşəbbüsünü müdafiə edib. Bu təklif türk dünyasında elmi, təhsil və mədəni əlaqələrin genişləndirilməsi baxımından diqqət çəkir.
Hesab edilir ki, universitetin yaradılması türk xalqları arasında ortaq elmi platformanın formalaşmasına, akademik əməkdaşlığın güclənməsinə töhfə verə bilər. Təşəbbüs həmçinin Azərbaycanın türk dünyasında təhsil və elm mərkəzlərindən birinə çevrilməsi perspektivini gündəmə gətirir.
Təklifin mahiyyəti, həyata keçirilmə imkanları və bölgə üçün əhəmiyyəti müzakirə mövzusudur.
Yad ideoloji təsirlərin artdığı bir dövrdə Türk Xalqları Universitetinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Belə bir ali təhsil müəssisəsinin Qazax və ya Tovuz bölgəsində fəaliyyətə başlaması türk dünyasının ortaq dəyərlərinin qorunmasına və təbliğinə xidmət edə bilər.
Universitetin yaradılması, eyni zamanda, Borçalı türkləri ilə Azərbaycan arasında tarixi, mədəni və mənəvi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradar. Bu ali məktəb Borçalıdan olan gənclərin Azərbaycanla təhsil və elm əlaqələrinin genişlənməsi üçün də mühüm platformaya çevrilə bilər.
Nəticə etibarilə, təşəbbüs türk kimliyinin, ortaq tarixi yaddaşın və milli-mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.
İlahiyyatçı Tural İrfan Herbiand.az-a açıqlamasında bu təşəbbüsün əhəmiyyətini və həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Ölkənin Qərb bölgəsində yerləşən şəhərlərin birində Türk Xalqları Universitetinin yaradılması təşəbbüsünü müsbət və təqdirəlayiq hesab edirəm. Bu ideya son dövrlərdə inkişaf edən Türk Dövlətləri Təşkilatının ortaq fəaliyyət istiqamətləri və əməkdaşlıq hədəfləri ilə də uzlaşır.
Eyni zamanda, belə bir ali təhsil müəssisəsinin yaradılması Azərbaycanın milli maraqları baxımından mühüm əhəmiyyət daşıyır və zamanın tələbindən irəli gələn zərurətdir. Universitet türk xalqları arasında elmi, mədəni və təhsil əlaqələrinin genişlənməsinə töhfə verə bilər. Borçalı ilə bağlı ciddi problemlərin mövcudluğu heç kimə sirr deyil. Burada İran-fars şovinizminin müasir təbliğatının təsiri altında soydaşlarımızın bir qisminin ideoloji baxımdan Azərbaycandan uzaqlaşdırılması təhlükəsi var.
Gələcəkdə bu təsirlərdən istifadə etməklə bölgədə Azərbaycana qarşı proksi qüvvələrin formalaşdırılması və onların Yəmən və Livanda olduğu kimi müəyyən maraqlar naminə yönləndirilməsi ehtimalı da istisna edilmir. Şübhəsiz ki, bu istiqamətdə müəyyən qədər gecikmişik. Türk Xalqları Universitetinin yaradılması müsbət addım olsa da, onun mövcud ideoloji təsirlərin qarşısını almaq gücündə olub-olmayacağı ayrıca müzakirə edilməli və ciddi şəkildə qiymətləndirilməlidir.
Çünki Borçalıda aparılan təbliğat təsadüfi xarakter daşımır, bu, artıq oturuşmuş ideoloji fəaliyyətdir. Söhbət 30 ildən artıq müddətdə davam edən və insanların təfəkkürünə, dünyagörüşünə, şüuruna təsir göstərmiş ideoloji prosesdən gedir. İndi bu təsirlərin qarşısını almağın nə qədər vaxt aparacağını, bunun neçə nəslin dəyişməsini tələb edəcəyini söyləmək çətindir. Təəssüf ki, biz bəzən problemləri vaxtında görüb qabaqlayıcı tədbirlər həyata keçirmək əvəzinə, onların daha da dərinləşməsini gözləyir, yalnız bundan sonra çıxış yolları axtarmağa başlayırıq”.
Tural İrfan hesab edir ki, Türk Xalqları Universitetinin yaradılması kimi xoşməramlı təşəbbüslər, şübhəsiz ki, işin xeyrinədir və bu istiqamətdə atılan müsbət addım kimi qiymətləndirilməlidir: “Qazax-Tovuz bölgəsi tarixən türk dəyərlərinə, milli mentalitetə və mədəniyyətə bağlılığı ilə seçilən bir ərazidir. Məhz buna görə də həmin bölgədə belə bir maarifçilik ocağının yaradılması və onun türk dünyasının ortaq dəyərlərini təbliğ edən ideoloji mərkəzə çevrilməsi vacibdir.
Əgər universitet yalnız formal təhsil müəssisəsi kimi fəaliyyət göstərəcəksə, o zaman zamanla özü də kənar ideoloji təsirlərin hədəfinə çevrilə bilər. Buna görə də ilk növbədə burada köklü ideoloji maarifləndirmə işi aparılmalı, türk kimliyi, milli-mənəvi dəyərlər və dövlətçilik maraqları əsas istiqamətlər kimi müəyyənləşdirilməlidir.
Digər mühüm məsələ Azərbaycanın öz milli-dini modelinin formalaşdırılmasıdır. Belə bir modelin yetərincə formalaşmaması ideoloji boşluq yaradır və həmin boşluqdan müxtəlif xarici dini-siyasi təsirlər, radikal mühafizəkar cərəyanlar və qeyri-ənənəvi dini qruplar faydalanmağa çalışırlar. Nəticədə cəmiyyətdə dini baxışların parçalanması, müxtəlif xarici təsir mərkəzlərinin möhkəmlənməsi üçün zəmin yaranır. Türkiyə və Orta Asiya ölkələrinin təcrübəsi də göstərir ki, milli-mədəni kimliklə uzlaşan dini ənənələrin qorunması bu baxımdan mühüm əhəmiyyət daşıyır”.
İlahiyyatçı bildirib ki, hətta İran kimi müsəlman ölkələrində islamaqədərki dini inancları yaşadırlar: “İranda zərdüştilərin, yəhudilərin və xristianların öz dini kimliklərini qoruyub saxlaması da dini ənənələrin və icma kimliyinin davamlılığı məsələsini gündəmə gətirir. Azərbaycanda isə müxtəlif dini cərəyanların təsir dairəsinin genişlənməsi vahid milli-mənəvi yanaşmanın əhəmiyyətini daha da artırır.
Fikrimcə, Azərbaycanın milli dövlətçilik maraqlarına, tarixi dini ənənələrinə və müasir cəmiyyətin tələblərinə uyğun milli-dini yanaşmanın formalaşdırılması vacibdir. Əks halda, yaranan ideoloji boşluqlar xarici təsir mərkəzlərinin ölkə daxilində möhkəmlənməsinə şərait yarada bilər”.
Onun sözlərinə görə, bu ali məktəb Borçalı ilə əlaqələrin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanın öz milli-mədəni və mənəvi dəyərlərinə əsaslanan güclü maarifçilik modeli olsaydı, Borçalıda da həmin dəyərlərin təbliği və qorunması üçün daha geniş imkanlarımız yaranardı. Eyni problem Rusiyada yaşayan soydaşlarımızla münasibətlərdə də özünü göstərir. Müxtəlif xarici dini-siyasi təsirlərin güclənməsi ortaq milli-mənəvi platformanın vacibliyini bir daha ortaya qoyur.
Bütün bunları nəzərə alaraq, Qazax-Tovuz bölgəsində Türk Xalqları Universitetinin yaradılmasını məqsədəuyğun hesab edirəm. Əlbəttə, bu universitetin birbaşa dini təhsil müəssisəsi olmayacağı aydındır.
Lakin onun türk dünyasının ortaq tarixi, mədəniyyəti, dili, ideoloji dəyərləri və strateji maraqları əsasında fəaliyyət göstərməsi Azərbaycanın milli maraqlarına xidmət edə bilər. Belə bir ali təhsil ocağı ölkəmizə qarşı yönələn antitürk və antiislam təbliğatına qarşı elmi, mədəni və maarifçilik müstəvisində ciddi müqavimət platformasına çevrilə bilər”.
Yunis İsrəfilov
Herbiand.az