“Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda sahibsiz heyvanların qorunması və saxlanılması üçün müasir standartlara uyğun sığınacaq fəaliyyət göstərir.
Burada heyvanların saxlanılması, qidalanması və təhlükəsizliyinin təmin edilməsi üçün yüksək səviyyəli şərait yaradılıb”.
Bunu Herbiand.az-a açıqlamasında Türkiyədə səfərdə olan “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildirib.
Onun sözlərinə görə, xüsusilə itlər üçün nəzərdə tutulan sığınacaqda müasir və heyvanların təbii ehtiyaclarına uyğun şərait yaradılıb: “Sığınacağın ərazisində ağaclıqlar arasında xüsusi sahələr ayrılıb, heyvanların rahat hərəkət etməsi və dincəlməsi üçün imkanlar təmin olunub.
Burada əsas diqqət itlərin təhlükəsizliyinə, sağlamlığına və gündəlik tələbatlarının ödənilməsinə yönəldilib”.
İradə Həsənovanın sözlərinə görə, sığınacağa gətirilən hər bir heyvan qeydiyyata alınır və onların uçotu aparılır: “Heyvanlardan hər hansı birinin itkin düşməsi və ya yoxa çıxması halında aidiyyəti dövlət qurumları qarşısında məsuliyyət məsələsi gündəmə gəlir.
Hər bir heyvan üçün ayrıca qəfəs və saxlama yeri nəzərdə tutulub. Sığınacaqda qida təminatı da yüksək səviyyədə təşkil edilib”.
İctimai Birliyin sədri qeyd edib ki, burada heyvanlara qayğı yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır, vətəndaşlar da bu prosesə fəal şəkildə qoşulurlar: “İnsanlar sığınacağa torbalarla yemək gətirir, heyvanların qidalanmasına könüllü dəstək göstərirlər”.
İradə Həsənova hesab edir ki, Manavqatdakı sığınacağın təcrübəsi Azərbaycanda da tətbiq oluna bilər: “Bizim də sahibsiz heyvanlar üçün belə bir müəssisə yaratmaq niyyətimiz var idi. Türkiyədə gördüyüm şərait bu istiqamətdə yaxşı nümunədir.
Azərbaycanda da dövlət, bələdiyyələr, ictimai birliklər və heyvansevərlərin əməkdaşlığı ilə müasir sığınacaqların yaradılması sahibsiz heyvanların müdafiəsi baxımından mühüm addım ola bilər”.
Aydın
Herbiand.az