Advertisment

Komitə: Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma baş planlara uyğun aparılır

Qarabağ və Şərqi Zəngəzurda bütün yenidənqurma prosesi baş planlara uyğun şəkildə həyata keçirilir.

Herbiand.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərlərin yenidən qurulması: humanitar mina təmizlənməsinin həlledici rolu” adlı tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Ramil Cahangirov deyib.

O qeyd edib ki, bu yanaşma Böyük Qayıdış Dövlət Proqramında və digər aidiyyəti sənədlərdə əsas prinsip kimi müəyyən olunub:

“Yəni bütün infrastruktur və yaşayış tikintiləri şəhərsalma norma və standartlarına uyğun aparılmalıdır. Lakin tikinti prosesinin planlaşdırılması üçün təhlükəsizlik bir nömrəli məsələdir. Məhz buna görə bütün sistem elə qurulub ki, ilk növbədə ərazilərin təhlükəsizliyi təmin olunsun və yalnız bundan sonra tikinti işlərinə başlanılsın. Bu, asan proses deyil. Həftə ərzində müxtəlif panel və sessiyalarda koordinasiyanın vacibliyindən danışmışıq. Şəhərsalma və minatəmizləmə sahəsində isə koordinasiya xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki atılan hər növbəti addım üçün ərazinin minalardan tam təmizləndiyinə əmin olmalıyıq. Əvvəlcədən hansı ərazilərin daha çox minalandığını, hansılarının isə nisbətən təhlükəsiz olduğunu müəyyənləşdirmək üçün daim məsləhətləşmələr aparılır. Bu gün artıq 270 mindən çox hektarın təmizləndiyini görürük”.

O vurğulayıb ki, ANAMA mütəxəssisləri üçün hər kvadratmetri yoxlamaq çox çətin və riskli prosesdir:

“Təhlükə hər yerdə ola bilər. Bəzən mina təhlükəsi heç gözlənilməyən yerlərdə, dağlıq ərazilərdə və aktiv döyüşlərin getmədiyi zonalarda da ortaya çıxır. Məhz buna görə hər yaşayış məntəqəsi tam şəkildə təmizlənməlidir. Digər mühüm məsələ isə baş planların mərhələli şəkildə icra olunmasıdır. Hazırda gördüyümüz yaşayış layihələrinin hamısı kənd və şəhərlərin ilk mərhələləridir. Bu mərhələlərin həyata keçirilməsi üçün də ANAMA ilə koordinasiya vacibdir. Əvvəlcə birinci mərhələ üçün nəzərdə tutulan ərazi təmizlənir, daha sonra tikinti başlayır”.

 

O bildirib ki, söhbət yalnız yaşayış məntəqələrinin təmizlənməsindən getmir:

“Həmin yaşayış məntəqələri infrastrukturla da əlaqələndirilməlidir. Bu isə elektrik, su, qaz və genişzolaqlı internet xətlərinin keçdiyi marşrutların da minalardan təmizlənməsini tələb edir. Bu səbəbdən koordinasiya yalnız bizimlə və ANAMA ilə məhdudlaşmır. Kommunal xidmət təminatçıları da prosesə cəlb olunur. Bu isə işi daha mürəkkəb etsə də, eyni zamanda daha sistemli və təşkilatlanmış edir. Digər vacib məqam ondan ibarətdir ki, təmizləmə prosesi tikintidən xeyli əvvəl başa çatmalıdır. Çünki layihələndirmə və planlaşdırma işləri üçün memarlar, mühəndislər və layihəçilər əraziyə daxil olmalıdırlar. Onlar geodeziya və geoloji tədqiqatlar aparmalıdırlar. Bu isə o deməkdir ki, tikinti başlamazdan əvvəl artıq ərazi təhlükəsiz vəziyyətə gətirilməlidir. Yəni əgər tikinti bu il başlayacaqsa, təmizləmə prosesi daha əvvəl tamamlanmış olmalıdır”.

Ramil Cahangirov deyib ki, bütün ardıcıllıq elə qurulur ki, tikintidən əvvəl hər şey hazır olsun:

“Digər tərəfdən, təmizləmə yalnız yaşayış məntəqələrinin sərhədləri ilə məhdudlaşmamalıdır. İnsanlar normal həyat şəraitində məhdudiyyət hiss etmədən yaşamalıdırlar. Şəhərdən kənara çıxmaq, ətraf ərazilərə getmək onlar üçün təhlükə yaratmamalıdır. Məhz buna görə yaşayış məntəqələrinin ətrafında bufer zonalarının təmizlənməsinə də xüsusi diqqət yetirilir. Bufer zonaları yaşayış məntəqələrinin sərhədlərindən kənarda yerləşir və məqsəd insanların həmin ərazilərdə mümkün qədər təhlükəsiz hərəkət edə bilməsini təmin etməkdir. Əlbəttə, xəbərdarlıq nişanları mövcuddur. Lakin biz çalışırıq ki, qayıdan insanlar özlərini məhdudlaşdırılmış hiss etməsinlər. Repatriantlarla işləmək də çox vacib məsələdir. ANAMA bu istiqamətdə mühüm fəaliyyət həyata keçirir. Çünki bütün bu proseslərin əsas məqsədi insanlardır, öz torpaqlarına qayıdan insanlar. Hər bir geri qayıdan şəxs mina təhlükəsi barədə məlumatlandırılır. Təhlükəsizlik təmin olunsa belə, risklərin tam aradan qalxmadığı insanlara izah edilir. Bu səbəbdən maarifləndirmə fəaliyyəti minatəmizləmə qədər vacibdir”.