Ukrayna Müdafiə Nazirliyinin dövlət satınalmaları departamentinin keçmiş rəhbəri Ukrayna Silahlı Qüvvələrinə ərzaq almaq üçün istifadə olunmalı olan vəsaitləri mənimsəməkdən ötrü sxem təşkil edib. Mənimsəmə nəticəsində 71 milyon qrivnadan (1,6 milyon dollar) çox pul oğurlanıb.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələri üçün dövlət satınalmalarından büdcə vəsaitlərinin mənimsənilməsi üzrə genişmiqyaslı sxem ifşa edilib. İş materiallarına görə, bu, 2022-2024-cü illər ərzində Ukrayna ordusu üçün topdansatış miqdarda ərzaq məhsullarının tədarükü üçün 71 milyon qrivnadan çox pulun oğurlanması ilə bağlıdır", - UTX-nin Telegram kanalında dərc olunmuş açıqlamada bildirilir.
Agentliyin məlumatına görə, həmin vaxt Ukrayna Müdafiə Nazirliyinin dövlət satınalmaları departamentinin rəhbəri vəzifəsini tutan məmur sxemin təşkilində iştirak edib. O, Ukrayna Silahlı Qüvvələrinə ərzaq tədarükü üçün əlaqəli kommersiya qurumları ilə müqavilələr bağlayıb. Dövlət vəsaitləri hesablarına köçürüldükdən sonra podratçılar QOST tələblərinə cavab verməyən məhsulları müştərilərə göndərib, bununla da malların qiymətini süni şəkildə özləri üçün azaldaraq yaranan "fərqi" sxemin bütün iştirakçıları arasında bölüşdürüblər.
Bəxtiyar CƏFƏRLİ