Advertisment

BMT Baş katibinin müavini: "Bakıdan qətiyyətlə ayrılırıq"

Geosiyasi gərginliklərin, qarşıdurmaların və münaqişələrin dünya liderlərinin diqqətini zəbt etdiyi bir dövrdə WUF bir daha göstərdi ki, Ümumdünya Şəhərsalma Forumu davamlı urbanizasiya və insan məskunlaşmaları üzrə əsas qlobal platforma olaraq qalır.

Bunu BMT Baş katibinin müavini Əminə Məhəmməd WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

BMT Baş katibinin müavini bildirib ki, Ümumdünya Şəhərsalma Forumu hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, akademik dairələri, gəncləri və beynəlxalq təşkilatları ortaq şəhər gələcəyi naminə bir yerə toplayan əsas platformadır.

Əminə Məhəmmədin sözlərinə görə, mənzil məsələsi yalnız qlobal deyil, həm də yerli fəaliyyət tələb edən əsas çağırışlardan biridir.

O vurğulayıb ki, şəhər və kənd icmalarında mənzil siyasəti insan ləyaqəti, sosial rifah və dayanıqlılıq prinsipləri üzərində qurulmalıdır.

Əminə Məhəmməd diqqətə çatdırıb ki, Azərbaycanın öz ərazilərində yenidənqurma, sülhün möhkəmləndirilməsi və inkişaf istiqamətində gördüyü işlər infrastrukturun bərpası, icmaların reinteqrasiyası və iqtisadi potensialın açılması baxımından nümunədir.

Baş katibin müavini qeyd edib ki, dünyada iqlim dəyişiklikləri, münaqişələr, mənzil böhranı və artan borc yükü kimi problemlər fonunda çoxtərəfli əməkdaşlıq daha böyük əhəmiyyət daşıyır.

O əlavə edib ki, mənzil böhranının həlli yalnız bir qurumun deyil, səhiyyə, nəqliyyat, enerji, sosial müdafiə və iqlim siyasəti daxil olmaqla bir çox sahənin koordinasiyasını tələb edir.

BMT Baş katibinin müavini vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün şəhərlər hər kəs üçün əlçatan və inklüziv olmalıdır. Bu baxımdan qadınların, gənclərin, əlilliyi olan şəxslərin, yaşlıların, miqrantların və məcburi köçkünlərin ehtiyacları xüsusi diqqətdə saxlanmalıdır: “Biz Bakıdan daha inklüziv, dayanıqlı və insan ləyaqətini mərkəzə qoyan icmalar və şəhərlər qurmaq üçün birlikdə çalışmağa yenilənmiş qətiyyətlə ayrılırıq”.

APA