Azərbaycanın mədəniyyət paytaxtı Şuşada baş verən hər bir hadisənin cəmiyyətdə ciddi rezonans doğurması anlaşılandır. Son günlər şəhərdə qayaların rəngli spreylərlə yazılması haqlı narazılıq yaradıb.
Tarixi və mədəni irsimizə qarşı belə məsuliyyətsiz münasibətə etiraz etmək hər birimizin haqqıdır. Amma təəssüf doğuran və artıq ciddi narahatlıq yaradan hal budur ki, bu hadisədən istifadə edərək ayrı-ayrı şəxslər, xüsusilə şəhid ailələri hədəfə alınır, onların ünvanına ağır ittihamlar səsləndirilir.
Çünki şəhid ailələri bu cəmiyyətin ən həssas təbəqəsidir. Əgər Şuşada qayalara yazı yazılması qanunazidd və ya ictimai davranış normalarına zidd hərəkətdirsə, buna hüquqi qiymət verilməli, konkret şəxslərin məsuliyyəti müəyyənləşdirilməlidir.
Ümid Partiyasının İdarə Heyətinin üzvü, “El Qayğısı” Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyinin İcraçı direktoru, şəhid qızı Tamilla Qulami Herbiand.az-a açıqlamasında bildirib ki, Şuşada qayaların rəngli spreylə yazılması ilə bağlı yaranmış müzakirələr fonunda bəzi şəxslərin bu olaydan sui-istifadə edərək, şəhid ailələrini və digər həssas qrupları hədəfə alması olduqca təhlükəli tendensiyadır.
“Burada əsas problem təkcə konkret hadisəyə münasibət deyil, cəmiyyətdə emosional həssaslığı yüksək olan insanların kollektiv şəkildə ittiham və təzyiq obyektinə çevrilməsidir. Şəhid ailələri Azərbaycan cəmiyyətində xüsusi mənəvi statusa malik həssas sosial qrupdur.
Onların ailə üzvlərini ayrı-ayrı şəxslərin davranışına, sosial şəbəkədəki fikirlərinə və ya hər hansı hadisəyə görə ümumiləşdirərək, hədəfə almaq həm etik, həm də sosial baxımdan qəbuledilməzdir. Bir nəfərin hərəkətinə görə bütöv bir ailəni, daha geniş mənada isə şəhid ailələri kateqoriyasını ittiham etmək cəmiyyətdə təhlükəli qarşıdurma yarada bilər.
Çünki bu cür yanaşmanın ən ciddi nəticəsi sosial həmrəyliyin zədələnməsidir. Şəhid ailələri onsuz da ağır mənəvi travma yaşamış insanlardır. Onların ictimai təhqirə, sosial mediada təzyiqə və ya məqsədli kampaniyalara məruz qalması əlavə psixoloji gərginlik yaradır. Daha təhlükəlisi isə budur ki, bəzi qüvvələr insanların emosiyalarından istifadə edərək, cəmiyyətdə “biz və onlar” qarşıdurması formalaşdırmağa çalışa bilər”.
“Tənqid etmək hüququ ilə insanları təhqir etmək arasında ciddi fərq var” -deyən Tamilla Qulami hesab edir ki, Şuşadakı qayaların yazılması qanun və ya ictimai davranış normaları baxımından qəbuledilməzdirsə, məsələ hüquqi və mədəni çərçivədə qiymətləndirilməlidir: “Lakin bundan istifadə edərək, şəhid ailələrinə qarşı nifrət, kin və ümumiləşdirilmiş ittiham kampaniyası aparmaq problemin həlli deyil, əksinə, yeni sosial problem yaradır. Və bunu edənlər də xainlər təbəqəsidir”.
T.Qulami bildirib ki, cəmiyyət xüsusilə həssas qruplarla bağlı məsələlərdə daha məsuliyyətli davranmalıdır: “Şəhid ailələrinin ləyaqətinin qorunması yalnız dövlətin deyil, bütövlükdə ictimaiyyətin mənəvi məsuliyyətidir.
Ayrı-ayrı hadisələrdən siyasi, sosial və ya şəxsi məqsədlər üçün istifadə edib, bu insanları hədəfə çevirmək gələcəkdə daha dərin qütbləşmə və qarşılıqlı inamsızlıq yarada bilər. Buna görə də hər kəs emosional linçləməyə deyil, faktlara, hüquqa və sağlam ictimai müzakirəyə üstünlük verilməlidir.
Daxildəki birliyi pozmağa çalışanları aiddiyyəti qurumlar tapmalı və məsuliyyətləri üzrə cəzalandırmalıdır. Bütün bunların olmayacağı təqdirdə mənəvi aşınma baş alıb, gedəcək. Heç kim unutmasın ki, bizim içimizə nifaq salmaq üçün marıqda dayanan, illərlə bizə düşmən olan ölkələr var... Onların qarmaq atması üçün əsla boşluq yaratmamalıyıq”.
Məhəmməd Əliyev
Herbiand.az