Advertisment

Yeni tarixin 14 sentyabr səhifəsi: “Rejim siyasi dayaqlarını itirmişdi”

Ötən əsrin 90-cı illərində Azərbaycanın siyasi tarixində mühüm hadisələr baş verib. Bu hadisələrdən biri də 1991-ci ilin 14 sentyabrında yaşanıb. Həmin gün Azərbaycan Kommunist Partiyasının fövqəladə qurultayı keçirilib və siyasi qurum özünü buraxıb. Azərbaycanın müstəqilliyə yolunu açan bu hadisə yaddaşlarda necə qalıb?

Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Herbiand.az-a açıqlamasında bildirib ki, bu hadisə Azərbaycanın müstəqillik tarixində dönüş nöqtələrindən biridir: “AKP-nin 14 sentyabr 1991-ci ildə keçirilmiş fövqəladə qurultayında partiyanın özünü buraxmaq barədə qərar qəbul etməsi təkcə bir siyasi təşkilatın fəaliyyətinə son qoyulması deyildi. Bu, Azərbaycanda təxminən 70 il davam etmiş sovet siyasi sisteminin və kommunist hakimiyyət modelinin hüquqi-siyasi baxımdan iflasının təsdiqi idi. Məhz bu qərar ölkənin sovet siyasi məkanından qoparaq, müstəqil dövlətçilik istiqamətində hərəkət etməsinin mühüm mərhələlərindən biri kimi yadda qaldı”.

Tamilla Qulami hesab edir ki, bu qərara gətirib çıxaran proseslər həm Azərbaycanın daxilində, həm də bütövlükdə SSRİ məkanında gedən böyük siyasi dəyişikliklərlə bağlı idi. “1980-ci illərin sonlarından başlayan milli azadlıq hərəkatı, Qarabağ problemi, Moskvanın Azərbaycana münasibətindən yaranan ciddi narazılıq və xüsusilə 20 Yanvar faciəsi KP hakimiyyətinin cəmiyyətdəki legitimliyini ciddi şəkildə sarsıtmışdı. Azərbaycan cəmiyyətində artıq sovet ideologiyasına və kompartiyanın siyasi monopoliyasına qarşı açıq etiraz formalaşmışdı. Xalq meydanlara çıxır, milli dövlətçilik, suverenlik və müstəqillik ideyaları getdikcə daha güclü siyasi tələbə çevrilirdi.

1991-ci ilin avqustunda Moskvada baş verən dövlət çevrilişinə cəhd isə prosesləri sürətləndirən əsas hadisələrdən biri oldu. “QKÇP”-nin hakimiyyəti zorla ələ keçirmək cəhdi Sovet İttifaqının artıq siyasi baxımdan yaşamaq qabiliyyətini itirdiyini nümayiş etdirdi. Çevrilişin uğursuzluğa düçar olması Kommunist Partiyasının nüfuzuna bütün SSRİ məkanında ağır zərbə vurdu. Azərbaycanda da kommunist hakimiyyətinin gələcəyinin olmadığını daha aydın göstərdi. Moskvanın özündə sistem çökməyə başlayırdısa, respublikalarda həmin sistemin əvvəlki formada davam etməsi mümkün deyildi”-deyə, o, bildirib.

Partiya funksionerinin fikrincə, AKP-nin özünü buraxması qərarı həm də müəyyən mənada artıq dağılmaqda olan sovet sisteminin məntiqi sonluğu olsa da, eyni zamanda Azərbaycan cəmiyyətində yaranmış güclü ictimai-siyasi təzyiq də bu qərarı qaçılmaz etmişdi: “AKP faktiki olaraq əvvəlki siyasi dayaqlarını, ideoloji nüfuzunu və hakimiyyət imkanlarını itirmişdi. Beləcə də, 14 sentyabr 1991-ci il qərarı sovet sisteminin Azərbaycandakı siyasi hakimiyyətinin sonunun rəsmiləşməsidir. Bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yolda mühüm siyasi maneələrdən birinin aradan qalxması və yeni milli dövlətçilik mərhələsinin başlanması demək idi”.

Məhəmməd Əliyev

Herbiand.az