Advertisment

Bu layihə regional turizmi canlandıra bilər-Ekspert vacib məqamları açıqladı

Azərbaycanın bir çox bölgəsində hava limanlarının mövcudluğu ölkənin nəqliyyat infrastrukturunun mühüm üstünlüklərindən biri hesab olunur. Lakin bu aeroportların heç də hamısı aktiv fəaliyyət göstərmir və bir qismi faktiki olaraq istifadə olunmur.

Halbuki regional hava limanlarının işə salınması bölgələrin turizm potensialının üzə çıxarılmasına, yerli iqtisadiyyatın canlanmasına və xarici turistlərin ölkənin müxtəlif guşələrinə daha rahat səfər etməsinə şərait yarada bilər. 

Xüsusilə paytaxtdan uzaq rayonlara hava nəqliyyatının əlçatan olması turizm marşrutlarının şaxələndirilməsinə töhfə verə bilər. Bu baxımdan mövcud aeroportların texniki və iqtisadi imkanlarının yenidən qiymətləndirilməsi, onların mərhələli şəkildə fəaliyyətə qaytarılması aktuallıq kəsb edir. Bəs bölgə aeroportlarının istifadəyə verilməsi turizmin inkişafına nə dərəcədə təsir göstərə bilər və bu istiqamətdə hansı addımlar atılmalıdır?

Nəqliyyat eksperti Elməddin Muradlı Herbiand.az-a açıqlamasında bildirib ki, bölgələrdə yerləşən hava limanlarının fəaliyyətə başlaması üçün ilk növbədə onların iqtisadi səmərəliliyi və rentabelliyi təmin olunmalıdır: “Bir təyyarənin saxlanması, havaya qaldırılması, yanacaq xərcləri, pilotlar və sair, orda göstərilən, hava limanında göstərilən təhlükəsizlik xidməti, gömrük prosedurları və s. Bunlar hamısı böyük bir xərc tələb edir və həmin istiqamətlərdə uçuşların rentabelliyi əgər uyğun deyilsə, bunu həyata keçirmək də məqsədə uyğun sayılmır”. 

Ekspertin sözlərinə görə, vaxtilə Naftalanın turizm potensialından geniş istifadə olunduğu dövrdə şəhərə MDB ölkələri ilə yanaşı, Avropadan da çoxsaylı turistlər gəlirdi və hava limanı aktiv fəaliyyət göstərirdi. 

O qeyd edib ki, Zaqatala və digər bölgələrdəki aeroportların imkanları da nəzərdən keçirilməli, xüsusilə Gəncə Beynəlxalq Hava Limanının infrastrukturunun və xidmət səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır: “Naxçıvanda blokada şəraiti ilə əlaqədar hava nəqliyyatından daha intensiv istifadə olunsa da, Gəncə istiqamətində uçuşların sayı nisbətən azdır.

Daxili aviareyslərin iqtisadi baxımdan daha səmərəli təşkil edilməsi vacibdir. Bu istiqamətdə rəsmi qurumlar tərəfindən müvafiq tapşırıqlar verilib”. 

Ekspert deyib ki, daxili hava nəqliyyatının inkişafı və regional aeroportların imkanlarından istifadə turizm sektorunun genişlənməsinə də xidmət edə bilər: “Ölkədə turizmin inkişafı ilə bağlı yaxın vaxtlarda imzalanan sənəddə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən dəmir yolu xətlərinin və hava limanlarının fəaliyyətinin bərpası, eləcə də onların inkişaf etdirilməsi ilə bağlı mühüm istiqamətlər müəyyənləşdirilib.

Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində bölgə aeroportları perspektivdə həm daxili, həm də beynəlxalq uçuşlar üçün istifadə oluna bilər. 

Xüsusilə daxili aviareyslərin iqtisadi cəhətdən sərfəli təşkili bölgələr arasında hava nəqliyyatının əlçatanlığını artıra bilər. Eyni zamanda, Türkiyə, ərəb ölkələri və Avropadan Azərbaycana səfər edən turistlər üçün birbaşa uçuş imkanlarının yaradılması regional turizmin inkişafına əlavə təkan verə bilər”.
Ekspertin fikrincə, xarici turistlərin ölkənin bölgələrinə marağını artırmaq üçün alternativ hava nəqliyyatı marşrutlarının yaradılması vacibdir.

Belə ki, turistlərin yalnız Bakı üzərindən deyil, birbaşa səfər etmək istədikləri bölgələrə uçuş imkanlarının təmin olunması həm sərnişin axınının artmasına, həm də aviareyslərin iqtisadi baxımdan rentabelli olmasına şərait yarada bilər. 

Onun sözlərinə görə, regional hava limanlarının fəaliyyətə başlaması yeni iş yerlərinin açılması, xidmət sektorunun genişlənməsi və ətraf ərazilərin sosial-iqtisadi inkişafı baxımından da əhəmiyyətlidir.

Elməddin Muradlı hesab edir ki, perspektivdə Xankəndi, Xocalı və Füzuli hava limanlarının inkişafı üçün geniş imkanlar mövcuddur: “Laçın və Zəngilan aeroportlarının isə daha çox beynəlxalq uçuşlar və yükdaşımalar baxımından əhəmiyyət qazana biləcəyini düşünürəm”. 

Xüsusilə Zəngilanın yüksək turizm potensialına və Zəngəzur dəhlizi üzərində yerləşməsinə diqqət çəkən nəqliyyat eksperti gələcəkdə bu hava limanında sərnişin tələbatının və daşımaların həcminin artmasının mümkünlüyünü vurğulayıb.

Onun qənaətinə görə, sərnişin axınının formalaşması ilə Zəngilan hava limanında müvafiq xidmətlərin genişləndirilməsinə və infrastrukturun daha da inkişafına ehtiyac yaranacaq.

E.Muradlı bildirib ki, gələcəkdə Zəngilan hava limanı Azərbaycanın beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynaya bilər. 

“Belə ki, Avropaya və digər istiqamətlərə səfər etmək istəyən sərnişinlər üçün Zəngilandan birbaşa hava nəqliyyatı ilə yanaşı, avtomobil və dəmir yolu vasitəsilə alternativ marşrutların yaradılması da mümkün ola bilər. 

Bu isə Naxçıvan, Türkiyə və İran üzərindən müxtəlif ölkələrə çıxış imkanlarını genişləndirə bilər. Zəngilanın əlverişli coğrafi mövqeyi və nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi onun gələcəkdə regional nəqliyyat qovşaqlarından birinə çevrilməsi üçün imkanlar yaradır.

Bununla belə, bu potensialın reallaşdırılması üçün dövlət qurumları tərəfindən konkret fəaliyyət istiqamətlərini və inkişaf mexanizmlərini müəyyənləşdirən daha əhatəli sənədin hazırlanması vacibdir”.

Məhəmməd Əliyev
Herbiand.az