Advertisment

Müəllimlər üçün Gemini Notebook üzrə praktiki təlim keçirilib

Bu gün sentyabrın 14-də Bakı şəhəri 35 nömrəli tam orta ümumtəhsil məktəbində Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi “Təhsilverənlərin və təhsilalanların İKT-dən məqsədyönlü istifadəetmə bacarıqlarının inkişafı” layihəsi çərçivəsində növbəti üçüncü təlim keçirilib.

Təlimçi beynəlxalq təhsil proqramlarının iştirakçısı, Azad Müəllimlər İctimai Birliyinin təlimçilərindən biri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti Nüşabə Mehtiyeva olub.

Təlimin əsas mövzusu Google Gemini Notebook imkanları, onun təhsil prosesində səmərəli və məqsədyönlü istifadəsi olub. Təlimçi əvvəlcədən hazırlanmış təqdimat materialları və praktiki nümunələr vasitəsilə iştirakçılara Gemini Notebook-dan istifadə qaydalarını mərhələli şəkildə izah edib.

Təlim zamanı iştirakçılara Gemini Notebook ilə işləməyin əsas mərhələləri nümayiş etdirilib. Bildirilib ki, ilk növbədə istifadə olunacaq mənbə və materiallar sistemə yüklənir, ikinci mərhələdə Gemini həmin mənbələr əsasında analiz aparır, üçüncü mərhələdə isə istifadəçinin məqsədinə uyğun hazır material və məhsul formalaşdırılır.

Təlimdə qeyd olunub ki, süni intellekt əsaslı Gemini Notebook müəllimlərin dərsə hazırlıq prosesini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.

Müəllimlər Gemini-dən istifadə etməklə qiymətləndirmə meyarları və rubriklər hazırlaya, dərs planları, hədəflər və dərs bölgüsü üzrə materiallar yarada, təqdimatlar və avtomatik slaydlar hazırlaya və mövcud tədris materiallarını təhlil edərək onları daha sistemli formaya sala bilərlər.

Təlim zamanı Gemini Notebook-un şagirdlərin fərdi öyrənmə imkanlarının inkişafında istifadəsi də xüsusi diqqət mərkəzində olub.

İştirakçılara nümayiş etdirilib ki, şagirdlər üçün ağıl xəritələri – mövzular arasında vizual əlaqələrin qurulması, konspektlər – əsas məlumat və qeydlərin sistemləşdirilməsi, - fləş-kartlar – sürətli təkrar və yaddaşın möhkəmləndirilməsi,

interaktiv testlər və sual bankları hazırlamaq mümkündür.

Bundan əlavə, sualları asan, orta və çətin səviyyələr üzrə qruplaşdırmaq, cavabları yoxlamaq və nəticələrlə bağlı izahatlar əldə etmək imkanları da praktiki nümunələrlə izah olunub.

Təlimdə vurğulanıb ki, Gemini Notebook-un əsas üstünlüklərindən biri eyni mənbədən həm müəllimin, həm də şagirdin müxtəlif məqsədlərlə istifadə edə bilməsidir.

Məsələn, müəllim həmin mənbədən dərsin tədrisi və dərs planının hazırlanması üçün istifadə etdiyi halda, şagird eyni material əsasında mövzunun mənimsənilməsi, konspektin hazırlanması və ağıl xəritəsinin qurulması üçün yararlana bilər.

Bu yanaşma rəqəmsal texnologiyaların təhsil prosesində sadəcə informasiya əldə etmək vasitəsi deyil, həm də fərdiləşdirilmiş, interaktiv və məqsədyönlü öyrənmə aləti kimi tətbiqinə imkan yaradır.

Təlimin sonunda iştirakçılar əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq ediblər. Müəllimlər fərdi kompüterlərdə işləyərək öz Gemini Notebooklarını yaradıb, mənbələrin yüklənməsi, materialların təhlili və hazır tədris məhsullarının hazırlanması mərhələlərini müstəqil şəkildə həyata keçiriblər.

Təlim iştirakçıların süni intellekt və müasir İKT alətlərindən təhsil prosesində daha səmərəli istifadə etmək bacarıqlarının inkişafına xidmət edib.

Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi “Təhsilverənlərin və təhsilalanların İKT-dən məqsədyönlü istifadəetmə bacarıqlarının inkişafı” layihəsi çərçivəsində keçirilən təlimlərin əsas məqsədi müəllim və şagirdlərin müasir rəqəmsal texnologiyalardan, o cümlədən süni intellekt alətlərindən təhsilin keyfiyyətinin artırılması və öyrənmə imkanlarının genişləndirilməsi məqsədilə düzgün və məqsədyönlü istifadəsini təşviq etməkdir.