Ankaranın Gölbaşı rayonundakı Külhöyükdə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan fosil qalıqları elm dünyasında böyük maraq doğurub. Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, sümüklər təxminən 66 milyon il əvvəl Tetis dənizinin sahillərində yaşamış qarınayaqlı dəniz ilbizinə aiddir.

“5 min il əvvələ aid Hatti və Het yaşayış məskənində tapılan fosil min illər əvvəl Külhöyük sakinləri tərəfindən bölgəyə gətirilmiş də ola bilər”-bunu yeni tapıntı barədə açıqlama verən Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Onun sözlərinə görə, bu tapıntı Ankaranın daha qədim təbii tarixi malik olduğunu göstərir.
Yeni tapıntı milyonlarla il əvvəl, təxminən 66 milyon il öncə, bu ərazinin dənizlə örtülü olduğunu göstərən mühüm elmi əsaslar yaradır. Külhöyükdə aşkarlanan qarınayaqlı molyuska – ilbiz fosili həmin dövrdə bölgənin Tetis dənizinin sahil ərazilərindən biri olduğunu ehtimal etməyə imkan verir. Bu tapıntı yalnız Külhöyükün deyil, bütövlükdə Orta Anadolunun qədim geoloji tarixinin öyrənilməsi baxımından da əhəmiyyətli hesab olunur. Alimlər fosilin bölgənin milyonlarla il əvvəlki təbii mühiti və canlı müxtəlifliyi haqqında yeni məlumatlar verə biləcəyini düşünürlər.
E.Cəfərli