İran-ABŞ qarşıdurması davam edir. ABŞ prezidenti Donald Tramp müharibənin 2029-cu ilə qədər davam edəcəyini istisna etməyib.
Müharibənin uzanması və ya daha genişmiqyaslı regional qarşıdurmaya çevrilməsi Yaxın Şərqdə siyasi və təhlükəsizlik balansına ciddi təsir göstərə bilər. Xüsusilə enerji bazarları, neftin qiyməti, nəqliyyat və ticarət marşrutları mümkün eskalasiyanın təsir dairəsində qala bilər. Belə bir vəziyyət İranla qonşu olan Azərbaycan üçün də iqtisadi, təhlükəsizlik və sosial baxımdan müəyyən risklər yaradır. Bəs İran müharibəsi nə vaxt başa çata bilər, genişlənəcəyi təqdirdə regionu hansı təhlükələr gözləyir?
Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev herbiand.az-a bildirib ki, ABŞ ilə İran arasında davam edən hərbi qarşıdurmanı artıq iki ölkənin münasibətləri çərçivəsində qiymətləndirmək düzgün olmaz.
“Münaqişə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına, enerji bazarlarına, beynəlxalq ticarət marşrutlarına və qonşu dövlətlərin təhlükəsizliyinə birbaşa təsir göstərir. Hörmüz boğazında gəmiçiliyin kəskin azalması, neft qiymətlərinin yüksəlməsi və Yəməndə husilərin fəallaşması münaqişənin regional xarakterinin daha da gücləndiyini göstərir.
Mənim qənaətimə görə, müharibə uzun müddət davam edəcək və nəticədə İran ciddi məğlubiyyətlə üzləşəcək. ABŞ və onun müttəfiqlərinin təzyiqi İranın hərbi imkanlarını, iqtisadi resurslarını və regional təsir mexanizmlərini zəiflədəcək. İran hələlik məhdud imkanları ilə Hörmüz boğazı, raket imkanları və regiondakı müttəfiq qüvvələri vasitəsilə müqavimət göstərməyə çalışır. Lakin müharibə uzandıqca İran daxilində iqtisadi-sosial böhranın dərinləşməsi səbəbindən hakimiyyətin idarəetmə qabiliyyəti böyük ölçüdə zəifləyəcək”-deyə, o, bildirib.
Politoloq hesab edir ki, İranın məğlubiyyəti ölkə daxilində siyasi böhranı sürətləndirəcək:
“Hakimiyyətin zəifləməsi, iqtisadi çöküş, sosial narazılıqlar və təhlükəsizlik strukturları arasında fikir ayrılıqları mərkəzi idarəetmənin sarsılmasına səbəb olacaq. Belə bir şəraitdə dövlətin parçalanması, qarşısıalınmaz bir prosesə çevriləcək. Əgər ordu və təhlükəsizlik strukturları vahid komandanlıq altında fəaliyyət göstərə bilməsə, ölkənin ayrı-ayrı bölgələrində mərkəzdənqaçma meyilləri güclənəcək.

Böhranın yaradacağı ən ciddi təhlükələrdən biri nüvə obyektlərinə nəzarət məsələsidir.
Mərkəzi hakimiyyət zəiflədiyi halda nüvə obyektlərinin və nüvə materiallarının təhlükəsizliyinin necə təmin olunacağı beynəlxalq ictimaiyyət üçün əsas məsələyə çevriləcək.
Bu səbəbdən İranda siyasi və hərbi böhran dərinləşdikcə, ABŞ və digər böyük dövlətlərin əsas prioritetlərindən biri nüvə infrastrukturunun nəzarətsiz qalmasının qarşısını almaq olacaq. Nüvə obyektləri üzərində nəzarətin itirilməsi həm İran, həm də bütün region üçün son dərəcə təhlükəli nəticələr yarada bilər”.
İranın etnik və regional baxımdan mürəkkəb ölkə olduğunu xatırladan T.Əliyev deyib ki, mərkəzi hakimiyyətinin zəifləməsi İranda yaşayan xalqlar arasında azadlıq və müstəqillik hərəkatının genişlənməsinə səbəb olacaq: “Bu ölkədə farslar, azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər, türkmənlər və digər xalqlar yaşayır. Hakimiyyət zəifləsə İranın parçalanması ehtimalını istisna etmək doğru olmaz. Əksinə, uzunmüddətli müharibə və dövlət idarəçiliyinin iflic olması bu ehtimalı kifayət qədər yüksək səviyyəyə qaldırır.
Ölkənin müxtəlif bölgələrində yerli silahlı qüvvələrin meydana çıxması, sərhəd bölgələrində nəzarətin itirilməsi və regional aktorların prosesə müdaxiləsi İranın ərazi bütövlüyünü ciddi təhlükə qarşısında qoyacaq. Belə bir senaridə vətəndaş qarşıdurması, humanitar böhran və uzunmüddətli qeyri-sabitliyin yaranması qaçılmaz olacaq”.
Politoloq hesabe dir ki, İran daxilində genişmiqyaslı siyasi və təhlükəsizlik böhranının yaranması Azərbaycan üçün də ciddi risklər meydana gətirəcək:
“İlk növbədə, eskalasiya genişləndikdən sonra İrana qarşı quru əməliyyatı başlayarsa, kütləvi miqrasiya və qaçqın axını gözlənilə bilər. Xüsusilə İranın şimal-qərb bölgələrində hərbi əməliyyatların və təhlükəsizlik problemlərinin artması Azərbaycan sərhədinə böyük humanitar təzyiq yarada bilər.
İkinci mühüm məsələ sərhəd təhlükəsizliyidir. Mərkəzi hakimiyyətin zəifləməsi halında silahlı qrupların, narkotik və silah qaçaqmalçılığı şəbəkələrinin, eləcə də müxtəlif qeyri-qanuni strukturların fəallaşması Azərbaycan üçün əlavə təhlükələr yarada bilər.
Bundan başqa, soydaşlarımıza qarşı kürd yaraqlıları tərəfindən silahlı təcavüz ehtimalı da nəzərə alınmalıdır. İranın şimal-qərb bölgələrində təhlükəsizlik boşluğu yaranarsa, etnik və siyasi qarşıdurmaların dərinləşməsi azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə, mülki əhaliyə və sərhəd rayonlarına qarşı hücum riskini artıra bilər”.
İran kampaniyasından müsbəıt gözləntilər də var. Ekspertin fikrincə, İranda siyasi sistemin ciddi şəkildə zəifləməsi və ölkənin parçalanma ehtimalının artması Güney Azərbaycanda milli kimlik, dil, mədəni hüquqlar və siyasi özünüidarə məsələlərini ön plana çıxara bilər:
“Azərbaycanlıların yaşadığı bölgələrdə mərkəzi hakimiyyətin zəifləməsi ilə yerli siyasi təşkilatlanma və milli tələblər güclənəcəkdir. Lakin bu proses eyni zamanda silahlı qarşıdurma, xarici müdaxilə və müxtəlif etnik qruplar arasında rəqabət risklərini də artıracaq.
Hesab edirəm ki, bu mərhələdə Azərbaycan üçün əsas prioritet soydaşlarımızın təhlükəsizliyinin qorunması, onların hüquqlarının müdafiəsi və regionda sabitliyin təmin edilməsi olacaqdır. Rəsmi Bakı yaranacaq proseslərə ehtiyatla yanaşmalı, humanitar və siyasi dəstəyi beynəlxalq hüquq və milli maraqlar çərçivəsində həyata keçirməlidir.
İranın parçalanması ilə regionda yeni və qüdrətli bir Türk dövləti - Güney Azərbaycan Cümhuriyyətinin qurulması mütləq reallaşacaq. Güney Azərbaycanda milli hərəkatın güclənməsi, yerli siyasi institutların formalaşması belə bir dövlətin yaranması üçün tarixi zəmin yaradacaq.
Güney Azərbaycan Cümhuriyyətinin qurulması regionun geosiyasi xəritəsini köklü şəkildə dəyişəcək. Azərbaycan Respublikası ilə Güney Azərbaycan Respublikası Türk dünyasının siyasi və iqtisadi çəkisini daha da artıracaq.
Lakin belə bir prosesin asan və problemsiz baş verəcəyi gözlənilməməlidir. Yeni dövlətin yaranması müxtəlif regional və beynəlxalq aktorların müqaviməti, sərhəd mübahisələri, silahlı qarşıdurmalar və iqtisadi çətinliklərlə müşayiət oluna bilər. Buna görə Azərbaycan həm siyasi, həm də təhlükəsizlik baxımından uzunmüddətli və çoxşaxəli hazırlıq görməlidir.
İranın məğlubiyyəti və siyasi xəritənin dəyişməsi Azərbaycan üçün müəyyən geosiyasi və iqtisadi imkanlar da yaradacaq. Xüsusilə Azərbaycan Türk dünyasının cənub istiqamətində daha mühüm strateji mövqe qazanacaq, həmçinin yeni nəqliyyat və enerji marşrutlarının formalaşmasında aparıcı rol oynayacaq.
Eyni zamanda Güney Azərbaycan Cümhuriyyətinin yaranması Azərbaycan Respublikası ilə yeni dövlət arasında iqtisadi, mədəni və təhlükəsizlik əlaqələrinin inkişafı da Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə və regionda yeni güc mərkəzinin formalaşmasına təkan verəcək”.
Məhəmməd Əliyev