Advertisment

Fazil Mustafadan Emin Həsənliyə təşəkkür: “Məsələnin həlli istiqamətində məqsədyönlü iş apardınız”

Azərbaycan Respublikasının Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının sədri Emin Həsənliyə təşəkkür məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli Emin müəllim,

Türkiyə Respublikasında uzmanlıq təhsili alan Azərbaycan vətəndaşı olan həkimlərin hüquq və qanuni mənafelərinin qorunması yönündə göstərdiyiniz həssas münasibətə, irəli sürdüyünüz təşəbbüsə və həyata keçirdiyiniz ardıcıl ictimai fəaliyyətə görə Sizə təşəkkürümü bildirirəm.

Azərbaycanlı həkimlərin müraciətinə çevik münasibət göstərilməsi, onların iştirakı ilə nümayəndə heyətinin formalaşdırılması, məsələnin Türkiyə Böyük Millət Məclisinin üzvləri və qardaş ölkənin nüfuzlu siyasi xadimləri qarşısında qaldırılması və problemin həlli istiqamətində aparılmış məqsədyönlü işlər vətəndaş cəmiyyətinin imkanlarının səmərəli səfərbər edilməsinin təqdirəlayiq örnəyidir.

Sevindiricidir ki, göstərilən birgə səylər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşının, bütövlükdə isə qardaş ölkədə uzmanlıq təhsili alan minlərlə həkimin hüquq və sosial mənafelərinə toxuna biləcək məsələnin yenidən nəzərdən keçirilməsi üçün mühüm addım atılmışdır.

Bu fəaliyyət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə daha yüksək mərhələyə yüksəlmiş Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin, “Şuşa Bəyannaməsi”nin ruhunun və “Bir millət, iki dövlət” prinsipinin ictimai münasibətlər müstəvisində də canlı təzahürüdür.

İnanıram ki, Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti institutları arasında belə səmərəli əməkdaşlıq bundan sonra da qardaşlığımızın möhkəmlənməsinə, soydaşlarımızın hüquq və mənafelərinin qorunmasına, xalqlarımız arasındakı sarsılmaz mənəvi bağların daha da güclənməsinə xidmət edəcəkdir.

Sizə və bu nəcib təşəbbüsə töhfə verən bütün fəal ictimaiyyətçilərimizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Qeyd edək ki, cari ilin iyul ayının 2-də Türkiyə Böyük Millət Məclisinə təqdim edilən 2/3755 əsas nömrəli "Ali təhsil qanununda və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında" qanun təklifinin 1-ci maddəsi xarici vətəndaş olan həkimlərin dövriyyə sərmayəsindən əlavə ödənişlərin alınmasının qarşısını almağı nəzərdə tuturdu. Bu qanun layihəsi, xüsusilə onun 1-ci maddəsi qardaş ölkədə tibb təhsili alan, rezidentura (uzmanlıq) keçən azərbaycanlı tələbələri də təsir dairəsinə alırdı. Təşəbbüs müəllifləri düzəlişin qəbul edilməsi üçün TBMM-ə müraciət etmişdilər. İyulun son günlərində müzakirəyə çıxarılan bu təklif qəbul edilməyib. Türkiyədə təhsil alan və həkim kimi fəaliyyət göstərən soydaşlarımızın verdiyi məlumata görə, bu zərərli təşəbbüsün qarşısının alınmasında “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri, Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənlinin xüsusi xidmətləri olub.

Emin Həsənli problemin həlli üçün ciddi və yorulmaz fəaliyyət göstərib. O, Türkiyənin dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və müxtəlif təşkilat rəhbərləri ilə ardıcıl görüşlər keçirib, məsələni diqqətdə saxlayıb və təşəbbüsün qəbul edilməməsi istiqamətində mühüm iş aparıb. Nəticədə, onun şəxsi təşəbbüsü, prinsipial mövqeyi və göstərdiyi böyük səylər öz bəhrəsini verib. Demək olar ki, Emin Həsənli bu məsələdə bütün imkanlarını səfərbər edərək, mühüm nəticənin əldə olunmasına ciddi töhfə verib.

Yunis İsrəfilov

Herbiand.az